Weather forecast for Zardab

Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz

29.1.17

Zərdabın kəndləri-Ağabağı,Şıxbağı,Kəndəbil


Zərdabın kəndləri Ağabağı Şıxbağı Gəndəbil

  Rayonumuza əvvəlki virtual səyahətlərimizdə sizi Zərdab rayonunun kəndləri, onların qısa tarixi, zərdablı ziyalılarla tanış etmişdik. Bu yazılarda Ucar-Zərdab yolu üzərindəki Qazyan və Lək, Çallı və Məlikmudlu, Zərdabın qədim kəndlərindən olan Əlvəndin tarixi haqqında  haqqında məlumatlar yer alıb.
   Həmçinin 1293-cü ildə müasir Zərdabın Əlvənd və Otmanoba kəndləri arasında,  Kür çayı sahilindəki ərazilərdə salandığı güman edilən gümün edilən  Qutluq-Balıq şəhəri barədə bu yazılardan məlumat ala biləesiniz. 
   Marşurutumuzda sonuncu dayanacaq Aşağı Seyidlər, Şəftəhal , Şahhuseyinli kəndləri idi. Aşağı Seyidlərdə Ürfan Məmmədəlinin “sevgi hekayəsini” (bax: Ürfan Məmmədli: Bir sevgi hekayəsi”) dinləyərək başlayan yolumuzda Şahhüseyinli və Dəli Quşçu kəndlərinin digər kəndlərdən fərqli olaraq nədən yolun sagında yerləşdiyi sualına cavab verməyə çalışdıq. 
  Mollakənddən Zərdaba gedən yolumuzda rayonun  kürqırağı kəndləri Şıxbağı, Nəzəralı, Ağabağı və Kəndəbil (Gəndəbil) kəndlərinə qısa səfər etsək, məncə pis olmaz. Bu kəndlərin tarixi nisbətən yaxın keçmişimizlə bağlıdır. Bir çox mənbəələrdə kürqırağı kəndlərin yaranma tarixi Zərdab kəndinin genişlənməsi və buradan köçən əhalinin kürqırağı əraziləridə məskunlaşması ilə əlaqələndirilir. 
    Həsən bəy Zərdabinin  “Kaspi” qəzetinin 5 noyabr 1882-ci il tarixli sayında çap olunmuş və 26 oktyabr 1882-ci  il tarixdə Zərdabdan göndərdiyi məktubda kürqırağı kəndlərin formalaşması barədə qeydlər var. Həmin məktubda o qeyd edirdi ki, Kürün hər iki sahilində  50 verstlik məsafədə uzanan  Zərdab yaşayış məntəqəsi 600 evi özündə birləşdirməklə,  Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi (Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq). Şirvan xanlığının tərkibinə daxil olan Zərdabın rusların gəlişindən sonra da1850-ci illərə qədər o bölünməyən bir tam olduğu Zərdabi tərəfindən bildirilir.
   Zərdabi həmin məktubda Kürqırağı kəndlərin formalaşmasını aşağıdakı kimi təsvir edir : “50-ci illərdə Zərdab kəndlilərinin bir neçəsi bəylərin asılılığından azad oldular və azad olan kimi öz bağlarına dağılışdılar, onların ardınca öz bağlarını dağılmaqdan qorumaq üçün bəzi bəylər də getdilər və Zərdab bir müddət, demək olar ki, tam boşaldı. Amma, mərkəzdə yerləşməsi hesabına, ictimai bərənin və əyalət mağazasının burada olmasına görə əhalinin çoxu öz köhnə ocaqlarına, Zərdaba qayıtdılar və əvvəl 50-60 ev köçdü. Qalan əhali az-çox tanınan adamların ətrafında cəmləşərək hərəsi 5-6 evdən ibarət 20 kənd saldılar, başqaları isə, məsələn, Gəndəbil və Gəlmə 100-dən artıq evi birləşdirən kəndlərə çevrildilər.”
   Mənbəələrə görə Şıxbağı sözünun tərkibindəki “şıx” sözü ərəbcədə “ağsaqqal” mənasını verən “şeyx” sözünün təhrif olunmuş formasıdır. Müsəlman ölkələrində təriqət başçılarına, görkəmli ilahiyyatçılara, mötəbər şəxslərə aid edilərək, dini titul aid kimi istifadə edilirdi. Kəndin yarandığı yer nüfuzlu bir şeyxə mənsub olduğundan , kəndə Şıxbağı (Şeyxə məxsus bağ) adı verildiyi güman edilir. Şıxbağında məşhur balıq vətəgəsi olmuş, bu vətəgə 1926-cı ildə bağlanmışdır.

zərdabın kəndləri kəndəbil nəzəralı şıxbağı
   
  Nəzəralı kəndinin ilkin adının Nəzərəlixan kimi də qeyd olunduğu iddia olunur. “Zərdab ensklopediysı”-nın müəllifi Nazim Tapdıqoğlunun (Vəlişov)  mülahizələrinə görə  19-cu əsrdə Şıxbağı kəndindən çıxmış ailələr  Nəzəralıxan adlı şəxsə mənsub olan ərzidə məskunlaşdığına, kəndin adı da belə adlandırılmışdır. 2000-illərin əvvəlində kəndin qərb hissəsində Nəzəralıxan bağı adlı sahə də olmuşdur. 
   Bəzi məlumatlar əsasən 1855-ci ildə Kür çayı sahilindəki çəkillik (tut  bağı) ayrı-ayrı çəxslər tərəfindən bölüşdürülmüşdür. Seyid olduğu üçün Ağa adlandırılan şəxsə verilən ərazi sonradan Ağabağı adlandırılmışdır. Zərdab kəndindən qaraqəhrəmanlı, saralılar, seyidxanlılar, həştadlılar və xanəhmədli nəslinə mənsub ailələr bura da məskunlaşmış və bu adı saxlamışlar. Bəzi sənədlərdə Ağalıbəy, Ağalıbağı kimi də qeyd olunub (mənbə: Nazim Tapdıqoğlu (Vəlişov) ,  “Zərdab ensklopediysı” )
  Kəndəbil (Gəndəbil) 19-cu əsrin ortalarında Zərdab kəndindən çıxmış ailələr tərəfindən məskunlaşdırılıb. Kəndəbil sözü barədə müxtəlif fikirlər var. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensklopediyası”ında kəndini adının  ərazidə yerləşən Kəndəbil (Səndəbil) adlı gölməçə ilə bağlı olduğunu qeyd edirərək , Gəndəbil coğrafi adının gənd (pis, qoxulu, iyli) və bil (bataqlıq, gölməçə) komponentlərindən düzəldiyini, “pis qoxulu gölməçə” demək olduğunu bildirir. 
   “Kəndə” sözü farsca “qazılmış”, “xəndək”  mənasını daşıyır, “bil” ərəbcə şəkilçi olub, təxminən “ilə” yaxud buna oxşar mənanı ifadə edildiyi də bildirilir.
  Həmyerlimi, rayon dövlət arxivinin müdiri işləmiş M.Bağırov bu  fikiri məntiqsiz sayır. O, həmçinin qeyd edir ki, uzun illər Gəndəbil adlanan  kəndin adının  bəzi mütəxəssislərin təşəbbüsü ilə Kəndəbilə çevrilməsi yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb.
 Məsələ burasındadır ki, Azərbaycanda və ümumən bütün türk dünyasında yer bildirən adlar “kənd” sözü heç zaman  ön şəkilçisi kimi qəbul edilməyib. Əksinə, bu dillərdə yer adlarında “kənd” sözü sonda işlənir, məsələn Hacıkənd, Təzəkənd, Körpükənd, Alıkənd, Daşkənd, Qasımkənd və s. kimi. Yalnız Zərdabda Kəndəbil adı bu tipə yeganə nümunədir,  mənası “Əbilin kəndi” anlamına gəlir.
   Zərdabinin 25 aprel 1882-ci il tarixdə “Kaspi” qəzetində çap olunmuş məktubunda (bu məktublar Zərdabda çap olunan “Əkinçi” qəzetinin redaktoru İ.Əhmədovun tərcüməsində çap ounub) quldur Əli Xıdır oğlunun xərac toplaması ”İslamadan 400 rubl, başqa birisindən – Əsəddən ( güman ki, Əsəd Rəhim bəyi oğlu, Zərdabinin əmisi Əsəddir) 100 rubl” aldığını, “İsaq-Baqi camaatından 110 rubl ala bildiyini”, “Kəndəbil kəndinə xərac vermək üçün təyin edilən möhlətin bu gün bitdiyini” qeyd edir.   
   Həmçinin H.Zərdabi 1882-ci ildə Kəndəbilin 100 evdən ibarət bir kənd olduğunu yazmışdır. Zərdabi onu da yazır ki, Kəndəbil  Zərdabdan ayrılandan sonra bina edilib, lakin sonralar kəndin bir çox sakinləri doğma yerlərinə-Zərdab kəndinə qayıdıblar, 1887-ci ildə Kəndəbildə cəmi 35 ev, 188 sakin qalıb. 

Zərdabın kəndlərində futbol
   
  Kəndəbil kəndi yaxınlığında,   Kür sahilində yerləşən Mehdililər kəndi sənədlərdə ayrıca kənd kimi qeyd olunmasa da,  bu adda təxminən 20-25 ailədən ibarət kiçik  kənd mövcuddur. Deyildiyinə görə   kəndin əsasını Mehdi adlı şəxs qoymuşdur.
  Müasir Kəndəbil kəndi rayon idmansevərləri arasında həm də futbolçuları ilə tanınır. Kəndin komandası dəfələrlə rayon birinciliyinin qalibləri sırasında olmuşdurlar. Şəkildə 10 may 2014-cü il tarixdə rayon çempionatının finalçıları -  Zərdab Rayon Polis Şöbəsinin və Kəndəbil kədinin komandası əks olunub.
  Material hazırlanarkən dia.az , panoramio.com (müəllif Ramil Əliyevin) və həmyerlimiz Yaşar İsgəndərovun Facebook səhifəsində yerləşdirdiyi fotoşəkillərdən istifadə edilib. 
Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz Reviewed by Camil Asad on 29.1.17 Rating: 5

Gözüdür Aranın, cümlə-cahanın...(fotolar)

24.1.17

Kür Zərdaba Allahın bəxşişidir. 

  Zərdab rayonu Kür çayının sahilində yerləşir. Uzunluğu 1515 km olan, öz başlanğıcını Türkiyədən götürən Kür çayı, Türkiyə və Gürcüstandan keçir və Azərbaycan ərazisində özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzərə tökülür. Kürün şəninə çoxlu şeirlər yazılıb.

 Aşıq Pənah onu “Ana Kürüm” deyərək vəsf edib:
Nəğmə deyər şirin-şirin,
Ana Kürum, Ana Kürüm.
Bəzəyisən sən bu elin,
Ana Kürum, Ana Kürum. 


Bəziləri isə "Dəli Kür" adlandırıb.  

 Dəli Kür qızışıb həddini aşır,

Baş-başa gəlmişdir ölümlə hünər!
Uçduqca yarğanlar, köklü ağaclar,
Kür udur onları bir əjdaha tək. (S.Vurğun)


İ.Şıxlının “Dəli Kür”-ü əsasında şəkilmiş filmdə Gülağa  Məmmədovun ifası yəqin ki, yadınızdadır:

Bir gəlinsən yatağında
Təbiətin qucağında.
Nazənin Kür, gözəl Kür!


Molla Pənah Vaqifin  nəinki Aranın, hətta « Cümlə-cahanın» gözü adlandıdığı  Kür qırağı müxtəlif  vaxtllarda müxtılif  yolçülar üçün dayancaq yeri olmuşdur. 
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası hayıf ki, yoxdur?

Kür üzərindəki körpülər, sularında üzən bərə və gəmilər müxtəlif  regionları bir-biri ilə əlaqələndirib. Saytımızın daimi izləyicilərindən olan Maarif Qurbanov  təxminən 1964 -cu illdə  su tramvayı ilə Əlvənddən rayon mərkəzinə getməyini xatıladığını,  2015-ci il Bakı Avropa oyunlarının təşkilatçıları tərəfindən  Zərdabın rəmzi kimi belə bir su tramvayının seçilməsinin təsadüfü olmadığını bildirir. 
Yəqin ki, Həmyerlimiz Teyyub Xəlilovun  (onun haqqında buradan oxuya bilərsiniz)  "Qurban olum İlahinin payına, Qobu burda qovusur Kur çayına" sözləri isə məncə hər bir zərdablı razılaşar. 
Həqiqətən Zərdab torpaqları  üçün həyat mənbəyi, zərdablılar üçün dolanışıq , isti yay günlərində sığınacaq olan Kür bizlərə İlahinin bir  payıdır.  

Gəlin hər birimiz Ürfan Məmmədlinin "Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. Onun qədrini bilməliyik" ( bax : Ürfan Məmmədlinin sevgi hekayəsi >>> çağrşına qoşulaq, İlahi pay olan Kürü qoruyaq.

Aşağıda sizə təqdim etdiyimiz fotolarr müxtəlif vaxtlarda müxtəlif insanlar tərəfindən çəkilib.  Fotoların müəlliflərinin heç də hamısının adını bilmirik. Hamısından, o cümlədən, Samir Məmmədov, Fuad Balakişiyivdən halallıq istəyir və onlara uğurlar arzulayırıq. 

Zərdab rayonu Kür çayı


Kür çayı Zərdab




Zərdab Kür daşqınları
Zərdab Dəli Kür


Kür çayı Zərdab


Zərdab Kür sahili
Kür cayi Zərdabın qonaqları

Zərdab Kür üzərində körpü
Zərdab Kür çayı

















Gözüdür Aranın, cümlə-cahanın...(fotolar) Gözüdür Aranın, cümlə-cahanın...(fotolar) Reviewed by Camil Asad on 24.1.17 Rating: 5

Zərdaba gedirəm: Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndlərindən keçən yol

22.1.17

    Zərdabın kəndlərinə vurtual səyahət   

   Zərdaba, onun kəndlərinə virtual səfərdə səyahətçilərə rayonumuz barədə qısa məlumatlar verməyi nəzərdə tutmuşuq. İlk səyahətimiz Ucardan keçərək başlamışdı.
 T.Xanlarlı tətəfindən təqdim edilmiş  “Zərdabda payız lövhələri” foto sesiyası  ilə  başlayan yolumuzu qədim tarixə malik    Məıikmudlu, Çallı kəndlərindən keçməklə rayonumuzn "Dörd yol" adlanan ərazisində başa vurmuşduq. 
Zərdabın Şasunlu Şahhüseyinli kəndi
 Səyahətimizi Çöl-Ərəb yolu ilə davam etdiririk. Yolumuzun üstündəki növbəti yaşayış məntəqələri Zərdabın Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndləridir
  Aşağı Seyidlər kəndi (əvvəlki adı Seyidlər olmuş və 6 may 1997-ci ildən dəyişdirilərək Aşağı Seyidlər adlandırılmışdır) Zərdabın mərkəzindən 22 kilometr cənub-şərqdə, Kür sahilində yerləşir. 
     Kəndin adı ərəb sözü "seyyid" sözündən olub, "ağa, cənab, tayfa başçısı" mənasını verir. Seyid - mənşəcə Məhəmməd Peyğəmbərin nəslindən (Qureyş tayfasından) olanların fəxri titulu olmuş, Ərəbistanda qəbilə və tayfa başçıları nümayəndələrinə deyilmişdir. Seyid komponentli kəndlər də seyidlərlə bağlıdır.
Zərdabın Aşağl Seyidlər kəndi
Aşağı Seyidlər məktəbi
   Seyidlər adını Azərbaycan tayfalarından biri olan, şahsevən tayfa qrupuna daxil olan Seyidlilərlə də bağlayırlar. Seyidlilər Cənubi Azərbaycanın Meşkin və Muğan ərazilərində yaşamaqla, maldarlıq və əkinçiliklə məşğuldurlar. Azərbaycanda olan Seyidlər və Seyidli kəndləri adlarının Seyidlilərlə bağlı olduğu ehtimal da var.
     Respublikada Seyidlər (Zəngilan, Zərdab (2)), Goranboy, Kəlbəcər, Laçın, Salyan, Xanlar, Xaçmaz), Seyidlər, Seyidsadıqlı (Salyan), Seyidli (Ağdam), Seyidbazar (Cəlilabad), Seyidqışlaq (Qutqaşen), Seyidişen (Əsgəran), Seyidlikəndyeri (Xaçmaz), Seyidmahmudlu (Füzuli) kəndləri, Seyidyurd dağı (Şəki), Seyidliçay (Gədəbəy rayonunda Zəyəmçayın sol qolu), Seyid yurdu zirvəsi (Baş Qafqaz silsiləsində) qeydə alınmışdır.
   Yerli məlumatlara əsasən, seyidlilər əvvəlcə buraya Kürün qarşı sahilindən - İmişlinin Məmmdəli kəndindən ayrılıb gəlmişlər. Sonradan onlardan bəziləri çay yuxarı, vadidən aralı eyni adlı təzə kənd (Yuxarı Seyidlər) yaratmışlar.(N.Tapdıqoğlu “Zərdab ensklopediyası”, səh 30)
     Müasir Zərdabın Aşağı Seyidlər kəndi - Əməkdar incəsənət xadimi, vaxtı ilə Azərbaycan Dövlət Milli Dram Teatrının baş direktoru işləmiş , Azərbaycan sirkinin təşkilatçısı Maqbet Bünyadovun və tanınmış jurnalist:
 Əvvəllər elə bilirdim ki, dünya elə Zərdab boydadır. Sonra öyrəndim ki, Zərdab xəritədə belə, çətin tapılan kiçik bir yer imiş. Amma onun mənim dünyamdakı yeri elə uşaqlıq düşüncəmdəki kimi sonsuzdur. Mübaliğəsiz deyirəm: Zərdab mənim üçün kənddir, şəhərdir, ölkədir, qitədir.
 – deyən jurnalist Ürfan Məmmədlinin vətənidir. Həmyerlimiz Urfan Məmmədlinin “sevgi hekəyəsi”  ilə buraya keçid etməklə tanış ola bilərsiz. 
Zərdabın Şəftəhal Şəftəxal kəndi Ramiz Kərimov   Yolumuzun üstündəki digər kənd Zərdabın Şəftəhal kəndidir. Toponimin adı hələlik dürüstləşməmiş qalır. Kür çayının sahilində yerləşən Şəftəhal kəndinin adı yaxın keçmişimizdə həmin kəndin yetirməsi Ramiz Kərimovla birgə çəkilirdi. 
   24 yaşlı Ramiz Kərimov Bakıda neftayırma zavodlarının birində yanğın söndürərkən qəhrəmanlıqla həlak olmuş, o vaxtlar mövcud olmuş Sovetlər ölkəsinin (SSRİ) rəhbəri Brejnevin fərmanı ilə “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. 
   Ramiz Kərimovun büstü Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən parkda qoyulmuşdur. Büstün postamentinə “Xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanca həlak olmuş yanğınsöndürən Ramiz İsrail oğlu Kərimov 1954 - 1977 - ci illər ” sözləri həkk edilmiş lövhə vurulmuşdur. Ramiz Kərimovun büstü bu parkda 20-ci əsrin 80 - ci illərində də ucaldılıb.
  Zərdabın mərkəzi küçələrindən biri Ramiz Kərimovun adını daşıyır.
   Ötən onilliklərə qədərki tarixi sənəd və mənbələrdə Şahsünnü adlanan Şahhüseynli  kəndi rayon mərkəzindən 24 kilometr cənub-şərqdə yrləşir. Bu kəndin adına Şahsünlü kimi bir sıra tarixi mənbələrdə rast gəlinir.
  N.Bayramova “Şamaxı xanlığı” bu kəndin Xançobanı mahalına daxil olduğunu qeyd edir: 
Xançoban mahalında 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayırdı... Şirvan xanları Xançoban mahalından çıxdığı üçün bu mahala vergi təyin edilməmişdi. Xançoban mahalının sakinləri maldarlıq və əkinçiliklə məşğul olurdular.  Mahalın naibi Məlik Umud idi.
  Bəzi mənbələr yazıldığına görə  Şahhüseynli XIX  əsrdə Şamaxı qəzasında yaşayan tayfanın adı olmuşdur.  
  Zərdabın kəndlərinə qısa səyahərimizi burada tamamlayırıq. Məlumatlar ola biər ki, hamını təmin etməsin. Buildiklərinizi biəz yazın. Biz də hamı ilə paylaşaq.                                       
Zərdaba gedirəm: Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndlərindən keçən yol Zərdaba gedirəm: Aşağı Seyidlər, Şəftəhal və Şahhüseyinli kəndlərindən keçən yol Reviewed by Camil Asad on 22.1.17 Rating: 5

Məni bir sual maraqlandırırdı...

20.1.17

(yaxud nədən Şahhüseyinli, Dəli Quşçu yolun sağındadır?)

    
   Çoxdan idi ki , dost-tanışlarla söhbət zamanı bir-birimizə  belə bir sual verirdik : “Niyə Mollakənd-Zərdab yollu ilə gələrkən cəmi iki kənd, Şahhüseyinli və Dəli Quşçu, yolun sağında yerləşib?”.
  Bu sualın cavabını bəlkədə bir çoxları bilir. Amma mən yalnız bü günlərdə özüm üçün aydınlaşdırdım – “Zərdaba gedirəm “ adlı silsilə (bax: Rayonumuz >>>) yazıları saytda yerləşdirərkən. Sualın cavabını düz təxmin etmişəm ya yox, bilmirəm. Sizlərin qərar verməyiniz üçün aşağıdakı məlumatları nəzərinizə catdırıram.
   Müasir Zərdab rayonunun əraziləri XVIII əsrin ortalarında Azərbaycanda feodal dövləti olan Şamaxı xanlığınını tərkibinə daxil idi. Bakı, Quba, Şəki, Qarabağ, Cavadvə Salyan xanlıqları ilə sərhədlənən bu xanlığın paytaxtı müxtılif vaxtlarda köhnə  Şamaxıda və Nadir şahın Şamaxı əhalisini indiki Ağsu ərazisinə köçürdükdən sonra inkişaf etmiş Ağsuda (Yeni Şamaxı) yerləşib. 
    Şamaxı  xanlığı bəylərdən təyin olunmuş naiblərin idarə etdiyi 17 mahaldan ibarət olub. İndiki Zərdab rayonunun müxtəlif əraziləri bunlardan ikisinin - Xançobanı və Qarasubasar mahallarının tərkibində idi.
 Xançobanı XVII-XVIII əsrlərdə Şirvan ərazisində yaşayan, özlərini Xançobanlı tayfası adlandıran elin adıdır. Xançobanlı mahalı sakinləri əsasən maldarlıqla məşğul olur, rəncbərlik edirdilər. Müxtəlif vaxtlarda  Şamaxı xanlığnı Xançobanı mahalından çıxanlar idarə etdiyi üçün ( 9 Şamaxı xanından 5-i Xançobanlı ailəsindən olub), obaların əhalisinə vergi təyin edilməmişdir. Bunun əvəzində Xançobanı mahalının sakinləri xanlığa  lazım olan qədər qoyun verirdilər. Bu vergi qaydası sonralar çar məmurlarını qane etmədiyindən mahalın əhalisinə 1820-ci ildə pulla ödənilən vergi təyyin edildi.
    Xançobanı mahalı  indiki Zərdab rayonunun  Şahhüseyinli, Dəliquşçu , Qaravəlli, Məlikmudlu kəndlərinin, eyni zamanda bu günkü İsmayıllı Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edrək,  "qərbdə Girdiman çayı ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur"  (mənbə N.Bayramova “Şamaxı xanlığı”)
   1821-ci ilin məlumatlarına əsasən bu mahalda 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayıb.
   Mənbələrdə mahalın naibinin Məlik Umud olduğu ğöstərilir. Çox güman ki, ərazisinin tarixinin daha əvəllərə getdiyi indiki Məlikmudlu kəndinin (bax: Zərdaba gedirəm >>>)  adının mənşəyini  də burada axtarmaq lazımdır. 
   Xançobanı mahalının sosial tərkibində xüsusi əhəmiyyətə malik olmuş Müskürlü, Qaravəlli və Xəlilli tayfaları sonradan Zərdabın indiki Qoruqbagı, Qaravəlli kəndlərinin, müskürlü obalarının formalaşmasında mühüm rol oynamışdılar. 
  Yeri gəlmişkən , Azərbaycanın milli rəqslərindən biri də “Xançobanı” adlanır. XVIII əsrin axırlarında yarandığı güman edilən, sürətli tempdə, qızğın tərzdə, son dərəcə cəld, ahəngləşdirilmiş hərəkətlər düzümündə gedən bu rəqsi yalnız kişilər oynayırlar.
  Şamaxı xanlığına daxil olan digər mahal - Qarasubasar mahalı müasir Zərdab şəhərinin (keçmiş Zərdab kəndi), Əlvənd, Çallı  kəndlərinin , həmçinin Ucar , Ağdaş və Kürdəmir rayonlarının ərazilərində mövcud olmuşdur. 
   Mahalın naibi Həsən bəy Zərdabinin babası, eyni zamanda  Zərdab kəndinin idarəçisi olan Məlik Rəhim bəy idi.
  Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayıb. Qarasubasar mahalının əhalisinin çox hissəsi əkinçilik, ipəlçilik (baramaçılıq) və pabmıqçılıqla məşğul olub. Şamaxı xanı Mustafa xan Xançobanlının qardaşı İsmayıl bəyin idarə etdiyi Əlvənddə ipəkçilik daha çox yayılmışdır.
  Şamaxı xanlığı ləğv edildikdən sonra da Məlik Rəhim bəy faktiki olaraq mahalın naibi olmaqda davam edib. 1826-cı və sonrakı illərdə onun mahalın naibi olmasını təsdiq edən tarixi sənədlər vardır. 
    Böyük hörmət və nüfuz sahibi olan Rəhim bəy İran şahzadəsi Xosrov Mirzə Qacar Rusiyanın paytaxtı Peterburqa gedərkən onu Qarabağda qarşılayan Şirvan bəyləri qrupunda olmuşdur.
  İnterrnrtdəki açıq mənbələrdə, həmçinin həmyerlimiz,  kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru Eldəniz Həsənovun, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, dissertant Taleh Əliyevin araşdırmalarındakı tanış olduğum məlumatlardan sonra yazının əvvəlindəki suala mənim cavab belədir: 
 -qədim tarixə malik Əlvənd, həmçinin sonradan Kürün kənrında yerləşən kəndlərin formlaşmasında böyük rola malik Zərdab Qarasu mahalına daxil olub. 
   -mərkəzi müxtəlif vaxtlarda indiki Ağsu rayonunun əraisində yerləşən Xançobanı mahalı öz ərazilərini genişləndirərək indiki Şahhüseyinli, Dəi Quşçu (Lələ Əhmədli)  kəndlərinə qədər böyümüşdür.
   -güman ki, Əlvənd ərazisindən keçən tarixi yol da bu iki mahal arasında təbii sərhəd rolunu oynayıb. Sonradan Zərdab ərazi vahidi kimi formalaşanda, Şahhüseyinli, Dəi Quşçu kəndləri də Zərdab rayonunun tərkibinə daxil edilmişdir.
   Səhvdir, düzdür bilmirəm, bu mənim fikrimdir. Bir daha qeyd edirəm ki, mən tarixçi deyiləm, tarixçilərin fikrini bilmək daha maraqlı olardı.

Cəmil Əsədov 
Məni bir sual maraqlandırırdı... Məni bir sual maraqlandırırdı... Reviewed by Camil Asad on 20.1.17 Rating: 5

Zərdab rayonu - 20-ci əsrin 50-ci illəri (fotolar)

18.1.17

Zərdabın yaxın tarixi fotoşəkillərdə

 Zərdab rayonunun tarixinin müəyyən dövrünü əks etdirən aşağıdakı fotolar http://atigaizmailova.org/ saytından götürülüb. Sayt Azərbaycanın və keçmiş SSRİ-nin Qafqaz regionunun aparıcı etnoqroflarından biri Ətiqə (Attika) İzmayılovanın (1932-2006) həyat və elmi fəaliyyətinə həsr olunub.
 Alimin şəxsi kolleskiyasında 500-ə yaxın fotoşəkil vardır. Bizim oxuculara asan olsun deyə Zərdaba aid olanıarı topalayaraq burada yerləşdirdim.
Forolar çox güman ki, payızda çəkilib. Bunu qışlağa gələn köçərilər də sübut edir.
Su güyümünü indi xatırayanlar az olar. Amma qışlağa yön alan köçəriləri bir çoxlarımız görüb. Bir də diqqətimi yollar cəlb etdi. Payız adətən yağışlı olur. Yollar təmizdir, həm də çala-çuxursuz...

 
Zərdab rayonu fotolarda


Zərdab ev fotosu


Zərdab 1957 hasar


zardab 1956 köç

zardab köç 1956

zardab köç


Zardab atl qadın


Zərdab rayonu - 20-ci əsrin 50-ci illəri (fotolar) Zərdab rayonu - 20-ci əsrin 50-ci illəri (fotolar) Reviewed by Camil Asad on 18.1.17 Rating: 5

Ürfan Məmmədlinin sevgi hekayəsi

15.1.17

  " Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. "

urfan mammadli
 Ürfan Məmmədli  Zərdab rayonunun  Aşağı Seyidlər kəndində anadan olub. 8-ci sinifə qədər doğulduğu kənddə oxuyub,  orta məktəbi Nizami adına Şəftəxəl orta məkrəbində başa vurub. İxtisasca mühəndisdir - 1981-ci ildə İnşaat Mühəndsləri İnstitunu bitirib.  Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elm-istehal Mərkəzində mühəndis, şöbə müdiri vəzifəsində çalışıb 92-ci ildən qəzetçiliklə məşğuldur. 2 qız atasıdır.

   Ürfan müəllimlə şəxsi tanışlığım yoxdur. O, yaddaşımda  zardab.com.az  saytının yaradıcı qrupunu ruhlandıran insanlardan biri kimi qalıb. 2007-ci ildə  Ürfan müəllimin saytın qonaq kitabına yazdığı
 - "Hörmətli qardaşlarim! Rayonumuz haqqinda zəhmət çəkib belə bir sayt hazirladiğınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Mən də zərdablıyam..." - sözləri həm də onun vətən sevgisinin bir təzahürü idi.
    Sonradan saytımızda yazıları da getdi. Bu yazılarda yurda sevgi, məhəbət hissləri var idi. O vaxtlar saytda gedən “Kəndimizə növbəti səfərim” adlı yazının (03 iyul 2009-ci il) sətrlərində doğma kəndinə bir sevgi duyulurdu: 
... Kəndimizin havasına söz ola bilməz. Xüsusilə səhər-səhər 1 saatlıq ciyərdolusu aldığım havanın ləzzətini Bakıda heç bir ildə də ala bilmərəm. Kürün sahilində gəzişib uşaqlıq xatirələrini yenidən vərəqləmək də başqa bir zövq verir. Kürdə indi əvvəlllər olduğu kimi balıq yoxdur. Bu səbəbdən balıqçılar da çəkilib evlərində oturublar. Həmkəndlilərim zarafatla deyirlər ki, sovet dönəmində "oğurluqla" balıq ovlayanda əməlli-başlı bəxtimiz gətirirdi, indi azad ölkəmizdə oğurluq olmasın deyə balıqlar da çəkilib gediblər.

   “Bir gözüm kəndimizdədir” adlı digər yazıda (yazı saytda 30.09.2009-cu il tarixdə yerləşdirilmişdi) isə kənddə ozünü gümrah , güclü hiss etməsindən söhbət açırdı:

“...Əzizim Vətən yaxşı, 

       Geyməyə kətan yaxşı, 

    Gəzməyə qərib ölkə, 

    Ölməyə Vətən yaxşı. 

    Bu bayatının ilk dəfə kimin dilindən səslənməsini bilməsəm də həmin adamın həsrətli günlər yaşadığına şübhə etmirəm. Çox güman ki, həmin adam qərib eldə yaşayıb və uzun illərdən sonra öz el-obası ilə görüşüb. Belə düşünməyimə əsasım da var. 

   Doğrudur, mən qərib eldə yaşamıram. 35 ilə yaxındır ki, ölkəmizin paytaxtında - Bakıda məskunlaşmışam. Bilmirəm, nədəndirsə kəndimizə gedəndə, el-obamla görüşəndə elə bilirəm ki, ömrümün Bakılı günlərini qəriblikdə keçirirəm. Əlbəttə, Bakı ilə bizim kəndimizin, rayonumuzun yaşayış səviyyəsini müqayisə etmək olmaz.
 Biz Bakıda daha rahat yaşayırıq. Paytaxtda hər cür şərait var, olmasa belə, onu öz imkanlarımızla düzəldə bilirik. Kəndimizdə isə yaşamaq üçün zəruri olan hər şeyi tapmaq mümkün deyil. Amma Aşağı Seyidlər kəndində özümü daha gümrah, daha güclü hiss edirəm.”
 

  
   09.06.2009-ci il tarxdə Nicat İsmayılovun  qələmə aldığı müsahibə isə Ürfan müəllimim əsl sevgi dastanı idi - vətənə, yurda, torpaga sevgsi əks olunmuşdu bu müsahiibədə. Həmin müsahibədən Ürfan müəllimin bəzi cavablarını bu gün yenidən sizin nəzərinizə çatdırırıq.

   “... Zərdab mənim üçün dünyanın başladığı yerdir. Əvvəllər elə bilirdim ki, dünya elə Zərdab boydadır. Sonra öyrəndim ki, Zərdab xəritədə belə, çətin tapılan kiçik bir yer imiş. Amma onun mənim öz dünyamdakı yeri elə uşaqlıq düşüncəmdəki kimi sonsuzdur. Mübaliğəsiz deyirəm: Zərdab mənim üçün kənddir, şəhərdir, ölkədir, qitədir. Bəzən dükan-bazardan bir köynək, paltar alanda satıcı başlayır malını tərifləməyə ki, təmiz Türkiyə malıdır. Həmin vaxt onun sözünü kəsib deyirəm ki, varsa mənə təmiz Zərdab malı ver....        

 .. Təkcə övladlarım deyil, həyat yoldaşım da Bakıda doğulmuş zərdablıdır. Beləliklə, biz sırf zərdablı ailəsiyik. Qızlarım kəndimizdə barmaqla sayılacaq qədər az olsalar da, özlərini zərdablı sayırlar. Belə sayırlarsa, deməli, xatirələrimi çox eşidiblər. Mənim üçün Azərbaycan əvəzsiz bir məmləkətdir, Zərdab isə onun ürəyi. Televizorda Zərdab adını görəndə, Bakıda nömrəsi 63-lə başlayan avtomobillə rastlaşanda doğma hisslər məni qoynuna alır.
  Təəssüf ki, ailəmlə birgə Zərdaba tez-tez gedə bilmirəm. Bir dəfə uşaqları kəndə aparmışdım, ağcaqanad onları dalaq-dalaq elədi, amma mənə dəymədi. Uşaqlar soruşdu ki, "ata, bəs ağcaqanadlar sənə niyə dəymirlər?" Dedim ki, "a bala, mən bunlarla 17 il ayaq-baş yatmışam, məndən utanırlar"....
    ....Kəndə gedəndə qayıtmaq istəmirəm. Məni kəndimizə bağlayan nə onun mənzərəsidir, nə havası. Özüm də bilmirəm ki, kəndimizdən niyə ayrılmaq istəmirəm. 1999-cu ildə anam, 2000-ci ildə də atam rəhmətə gedəndən sonra kənddəki evimiz elə bil məndən inciyib, gedəndə "üzümə baxmır", əvvəlki səs-küyü yoxdur. Anamın süfrəsi, atamın dürsəkləndiyi yastıq isə elə yerindədir. O süfrənin başında oturanda, o yastığa dirsəklənəndə atalı-analı günlərimə qayıdıram, bir az uşaqlaşıram, bir az gəncləşirəm, bir az da kövrəlirəm. Həyətimizdəki nar ağacından nar üzməyin, o ağacların altında çay içməyin ləzzətini başqa harada dadmaq olar?..."
   Bu sözləri isə Ürfan müəllim Kür çayı haqqında söyləyib : " Kürün üstündə istirahət etməli bir yerdə oturduq. Özüm də hiss eləmədən xəyalım qanadlanıb haralarasa uçub getdi. Harada olduğumu unutdum. Mənə elə gəldi ki, tanımadığım bir yerdəyəm. Kür nə qədər gözəl imiş? Deməli, adam əlində olan bir şeyin qiymətini çətin dərk edir. Şəxsən mən öz qəlbimdə Kürə öz dəyərini verə bilməmişəm. Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. Onun qədrini bilməliyik."
 Aşağıdakı foto isə həmyerlimiz Samir Məmmədova (onun digər fotoları ilə burdan tanış ola bilərsiz :  Zərdabdan qış mənzərələri ) məxsusdur. Məncə elə o da fotonu çəkərkən  elə Ürfan müəllim kimi fikirləşib.
ana kur

Cəmil Əsədov
Ürfan Məmmədlinin sevgi hekayəsi Ürfan Məmmədlinin sevgi hekayəsi Reviewed by Camil Asad on 15.1.17 Rating: 5

Zərdaba gedirəm: "Böyük kənd" Əlvənd

13.1.17

əlvənd   Zərdaba, onun kəndlərinə əvvəlki "səyahətimizdə" rayonun Çallı, Məlikmudlu kəndlərinin tarixinə qısaca nəzər saldıq, birgə  Çöl-Ərəbdən keçərək yol üstü Kürdəmirin qısa tarixi ilə tanış olaraq rayonumuza yol aldıq.
 Tarixi 1293-cü ildə Kür çayı sahilində yrləşən Qutluq-Balıq şəhəri ilə bağlı olduğu güman edilən Gur-Gur kəndinə səfər etdik, bu kəndin qəbrüstü abidələri ilə tanış olduq.
 Mollakənd - Zərdab yolu ilə  virtual səyahətimizi Otmanoba kəndində, şeirlərini Azərbaycan Dövlət radiosunun “Bulaq” verilişinin ifaçısı Səməndər Rzayevin "biz tərəfin adamıdı, yazısından yulğun kollarının ətri gəlir" -deyərək xüsusi şövqlə oxuduğu Kərəm Kürquraxlı poeziyası ilə tanış olmaq üçün yarımçıq saxlamışdıq.
  Bu gün isə Zərdaba istiqamətlənmiş yolumuzu Əlvəndlə,  Azərbaycanın bu qədim kəndinin tarixi ilə tanış olaraq davam etdiririk. 
 Qədim tarixə malik Əlvənd, həm də respublikamızada tanınmış ziyalıların vətənidir.  Onlardan biri - Şirin bəy Məhəddin oğlu 1884-cü ildə anadan olub. Əlvənddə Zərdabi ilə qohumluq əlaqəsi olan Novruzəli bəyin açdığı dördsinifli rus-tatar məktəbini oxumuş, təhsilini Qori seminariyasında davam etdirmişdir.
 Buranı bitirdikdən sonra Tağıyevin vəsaiti hesabına Nəriman Nərimanovla birgə Odessa universitetinə oxumağa göndərilmişdir. 1917-ci ildə M.Ə.Rəsulzadə ilə tanış olmuş, milli Azərbaycan hökümətinin yaranmasında fəallıq göstərmiş, Göyçay qəza idarəsində məsul vəzifələrdə çalışmışdır.  1937-ci ildə həbs edilərək Arxangelskə sürgün olunur və 1942-ci ildə orada vəfat edir.
   Xalq artisti Hacıağa Abbasovun " sözün əsl mənasında səhnə dəlisi" adlandırdığı, Məlikovlar nəslinin teatr fədaisi, “Müsəlman dram teatrı cəmiyyəti”nə ilk üzv olanlardan biri  Məhəmməd bəy Məlikov- Əlvəndi 1872-ci ildə bu kənddə dünyaya göz açıb. 
  Məlikovlar nəslinin digər nümayəndəsi, akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi Böyükkişi Ağa oğlu Ağayev  dünyaya bu kənddə göz açıb. Onun əsl adı və soyadı Böyükbəy Məlikov (Babası Böyükbəy Məlikovun şərəfinə)olmuşdur. Lakin bolşeviklərin ölkəmizi işğalından sonra qatı millətçi hesab olunan Məlikovlar nəsli üçün yaranan təhlükəni hiss edən atası,onun ad-soyadını dəyişərək Böyükkişi Ağayev olaraq yazdırmışdır.
  Bakı Dövlət Universitetinin türkologiya kafedrasının Azərbaycan dialektologiyası tədqiqat sahəsi üzrə müəllim, filoloq, filologiya elmləri doktoru, professor Məhərrəm Əvəz oğlu Məmmədov da bu kənddə anadan olub.
  1941-ci ildə Zərdabın Əlvənd kəndində anadan olmuş,  Bakı Dövlət Universitetinin dosenti Rafiq Qurbanov tələbələrə “Qafqaz tarixi” fənnini tədris edir. 17 məqalənin, 1 dərsliyin, 1 dərs vəsaitinin və 2 proqramın müəllifidir.   
  
böyükkişi agayev MƏHƏRRƏM MƏMMƏDOV rafiq qurbanov   
    Tanınmış jurnalist və teleaparıcı İbrahim Məmmədov, ABŞ-dan Azərbaycana ilk “Boinq” təyyarəsini  gətirən pilotlardan biri Adil Qəniyev Əlvənd kəndində anadan olublar. 
  Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab enisklopediyası”ında Əlvənd kəndinin şərifli, orucli, bİləganlı, sovlalıar , əlililər, qarağaclılar kimi adlı tirə və nəsilləri olduğunu bildirir.
  Bilganlıları 13-cü əsrdə monqollar tırıfindən dağıdılaraq məhv edilmiş qədim Beyləqan şəhərindən çıxmış ailələrlə əlaqələndirirlər. Güman edilir ki, monqollar tərəfindən sıxışdırılan beyləqanlılar gəlib Kür çayı sahilindəki bu kəndə məskən salmışlar.
   Əlililər nəslini də araşdırıcılar qədim beyləqan ətrafında yaşamış əlvəndlilərlə (“əli vand” - əli nəsli) əlaqələndirir, ümümiyyətlə kəndin adının da buradan qaynaqlandığı versiyasını irəli sürürlər.
    Sovlalırın əcdadlarının isə indiki Kürdəmirin Sovla kəndindən köçüb gəldikləri güman edilir.
    Kəndin qədimliyinə dair məlumatlara müxtəlif mənbələrdə rast gəlmək olur. 1956-cı ildə kənddəki köhnə qəbristanlığın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirləri aşakar edilmişdir. Həmçinn 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı  4-5 metr dərinlikdə  çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır. Bu da kəndin tarixinin Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxdına dəlalət edir. Tarixi tapıntıların tapıldığı bu ərazi  yerli əhalinin yaddaşında  “xan qızının hanasının qaldığı yer” qalmışdır. 
   1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında "Böyük kənd" sözü də yazılmışdır.  Həmyerlimiz, rayon dövlət arxivinin müdiri işləmiş Mirağa Bagırovun bu haqda yazırdı: 
Sabirabad rayonunda bir məclisdə yaşlı bir kişi bu sətirlərin müəllifi ilə söbəti zamanı demişdir: “Biz, bilmirəm neçə əsr bundan əvvəl Zərdabın Böyük Əlvənd kəndindən köcüb gəlmişik. Heyvandarlıqla məşğul olan bir neçə ailə hər il qışda indiki Sabirabad rayonunun ərazisinə köçüb gələr, yazda isə Zərdabın Böyük Əlvənd kəndinə köçərmiş. Nəhayət bu ailələrdən ikisi Sabirabadda daimi məskunlaşmışdır. İndi həmin ailələrin törəmələrindən ibarət iki böyük kənd mövcuddur. Biz bu gün də özümüzü Böyük Əlvəndin nəsl şəcərəsindən hesab edirik.
   Tarixi qaynaqlarda Zərdabın adına ilk dəfə Ağqoyunlu dövrü mənbələrində rast gəlinir. Bu dövürlərdə Əlvəndin iri yaşayış məskəni olduğu bildirilir.  (Taleh Əliyev – Zərdabın tarixi-siyasi cofrafitası.  Arxeologiya və Etnoqrafiya - Тarix və onun problemləri, № 1, 2014,307)   
 1500-cü ildə Ağqoyunlu dövlətinin Əbhər sazişinə əsasən iki yerə parçalanmasından sonra dövlətin əsas mərkəzi hesab olunan Azərbaycan torpaqları Əlvənd Mirzənin hakimiyyəti altında qalır. Məhz bu hadisə ərəfəsində Ağqoyunlu mənbələri Zərdabın adını çəkir və Əlvənd kəndi də Əlvənd Mirzənin dövründən iri yaşayış məskəninə çevrilmişdir.
  Əlvənd Mirzə - Ağqoyunlu hökmdarı uzun Həsənin nəvəsi. 1498-ci ildə Təbrizdə taxta çıxmış, sonradan  qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınmışdır. 1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir.
   Əlvəndlə bağlı digər fakta  Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində də rast gəlinir:
Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu... 
    XVIII əsrə aid mənbələrdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə özünə məxsus yeri olan bir ərazi kimi qeyd olunur, qədim "İpək yolu"nun Əlvəndin ərazisindən keçdiyi bildirilir. Həmçinin regionun məşhur bazarlarından olmuş  ”Əlvənd bazarı”-na Ağcabədidən, Zərdabdan, Göycaydan, Ucardan, İmişlidən insanlar alverə gəlirmiş.  İndinin özündə də Qarabağ ərazisində "Əlvənd yolu" deyilən qədim bir yol olduğu bildirilir.
   Hülakilərin (Elxanilər) dövründə məhkəmə sistemində günahkarları şəriət qazisi yox, yasaya əsaslanan yarqıçı (yarquçu) ittiham edirdi, məhkəmə orqanı da yarqı (yarqu) adlanırdı. Yarqıçı sözü  qədim türk dilinə məhkəmə termini kimi daxil olub. Soruşa bilərsiz ki, bu terninlə Əlvəndi nə əlaqəsi? Bunu mən də bilmirəm - amma bu faktdır ki, Əlvənd kəndi yaxınlığında Yarqıçı çökəyi adlanan ərazi var. (Nazim Tapdıqoğlu(Vəlişov) “Zərdab enisklopediyası”, səh. 177)
   XIX əsrin 60-cı illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdulrəhman qardaşları Əlvənd kəndində biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya, Amerikaya yollanırdı.
   
zərdab_alvan
  Qəribədir ki, ikinci dünya müharibəsi zamanı – 1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndə bomba atmışdır. Həmin yandırıcı bomba taxıl zəmisinə düşmüş, partlamamışdır və bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.
  Əlvənd toponiminə digər ərazilərdə də rast gəlmək olar. Bu haqqıda Əlvənd kəndindən olan Maarif Qurbanovun köməkliyi ilə hazırladığımız  "Əlvənd toponimi haqqındayazıda məlumat vermişdik. Siz həmin yazı buradan ilə tanış olun, biz isə Zərdab istiqmətində yolumuzu davam etdirək.
  İnşallah görüşərik. 
Zərdaba gedirəm: "Böyük kənd" Əlvənd Zərdaba gedirəm: "Böyük kənd" Əlvənd   Reviewed by Camil Asad on 13.1.17 Rating: 5

Namiq Atəş, bu atəşin sönməsin!

10.1.17

   Namiq Atəşi digər zərdablılar kimi mən də çoxdan tanıyıram. Zərdabın ən böyük kəndıərindən biri  Gəlmədə anadan olub. 
  Bu yaxınlarda yenidən dostlaşdıq onunla. Virtual məkanda rastlaşdım, dostluq yolladım və beləcə yenidən "tanış olduq". 
   Facebookda səhifəsini vərəqlədim, haqqında yazılmış xoş sözləri oxudum. Özüm də nəsə yazmaq istədim, amma yazmadım. Fikirləşdim ki, onun haqqında dostlarından biri, həmyerlimiz Ürfan Məmmədlidən gözəl yaza bilməyəcəm. 
   Ürfan müəllim təxminən 7 il öncə, o vaxtlar təssiçisi olduğum zardab.com.az saytında, Namiq Atəş haqqında gözəl yazı yerləşdirmişdi, "Namiq Atəş, bu atəşin sonməsin!".
 Məncə ötən illərdə Namiqin atəşi daha da gurlaşıb. Həmyerlimizə həmişə belə qalmağı arzulayaraq, .
    Ürfan Məmmədlinin həmin yazısını sizə təqdim edirəm. 

Zərdablılar Namiq Atəş Urfan Məmmədli


   Bir az keçmişin söhbətidir. 3-4 il əvvəl yenə doğma rayonumuza - Zərdaba getmişdim. Toy-düyün idi. Rafiq bəylə Hürü xanım üçün xudmani bir məclis qurulmuşdu. Xanəndə ilə masabəyinin yaratdıqları harmoniyanın sehrində havanın yüksək hərarətini hiss eləmirdik sanki.   Kiçik fasilə əsnasında toyxanadan çıxıb qohumlarla, dostlarla söhbət etməyə başladım. Amma çoxdan görmədiyim bu adamlarla etdiyim şirin sohbətdən də doymadım. Yenidən musiqi başladı. Fürsətdən istifadə edib masabəyinin adını soruşdum. Dedilər ki, zərdablılarıb, el-obamızın, demək olar ki, bütün toy məclislərini eloğlumuz - Namiq Atəş idarə edir. 
  Namiq Azərbaycan Neft Akademiyasını bitirib. İxtisasca elektrik mühəndisidir. Ali təhsilini Sovet hökumətinin son illərində alıb. Elə buna görə də ixtisası üzrə iş tapa bilməyib. Şeirə, sənətə, musiqiyə uşaqlıqdan olan həvəsi onun həyat yolunun istiqamətini dəyişdirib. Əksəriyyətin bazarlara, ticarətə üz tutuğu vaxt Namiq ədəbiyyatı, sənəti seçib. Özü demişkən, qalstukla tərəzi silməmək üçün bu sahəyə gəlib. Gəlib, özü də bu gəliş uğurlu olub.

Ovsun dairəsi

    Namiq Atəşin qəribə şeir söyləmək manerası var. Adını qoya bilmədiyim məhz bu manera adamı ona qulaq kəsilməyə məcbur edir. Şeiri söylədikcə səs yüksəlir və birdən sanki qırılır, nəfəsi kəsilir. Amma yox, nə nəfəs kəsilir, nə də ritimdə bir pozuntu olur. Şeir əvvəlki ahəngi ilə davam edir və dinləyənləri həmin anda öz sehrinə salır. Sadəcə, ustad elə bil ki, zirvəyə çatıb orada yüksəlişdən enişə ayaq verir, körpü salır. 
  Bax elə bu yerdə Namiqin səsi məni çəkib yenidən toyxanaya saldı. Düzü həmin anda xanəndənin muğamı muğama calaması, masabəyinin ona etdiyi ortaqlıq mənə düşünməyə imkan vermədi. Amma toydan sonra...
    Düz o gündən bəri o dönüşün, o ayağın, o keçidin, o yiksəlişin, o enişin adını qoya bilmirəm. Adını tapsaydım, bəlkə də, bu yazı 3-4 il əvvəl yazılardı. Amma bu vaxt uzandıqca uzandı. Dostlarımın yanında onun haqqında danışdım, düşdüyüm sehrin şirnliyini onlarla da bölüşdüm.
   Nəhayət, Bakı toylarında da görünməyə başladı Namiq Atəş. Sonra Namiqlə yeni görüşlərimiz oldu, öyrəndim ki, bir neçə kitabın da müəllifidir. Şerlərini də oxudum. Amma, doğrusunu deyim ki, mənə ləzzət eləmədi. Bilirsiniz niyə? Çünki mənə elə gəlirdi ki, bu şeirləri elə onun özü kimi oxumaq lazımdır. Yəni aşağıdan başlayıb qıyya çəkərək zirvəyə yüksəlməli, orada bir pauza verib dünləyənləri riqqətə gətirməli və astaca enişə keçməlisən ki, şeirin əsl şirinliyini dada biləsən.
    Bəzən gözlərimi yumub o yüksəlişi və sonrakı enişi xəyallarımda canlandırmağa çalışıram. O zaman yüksəlişin son nöqtəsinə - zirvəsinə uçuram, o zaman enişin son nöqtəsinə - zirvəsinə qonuram. Gözlərim önündə Namiq Atəş yüksəlişlə də, enişlə də zirvəni fəth edir. O yüksələrkən mənə əzəmətli bir qartalı xatırladır. Qartal da qıyya çəkərək səmanın ənginliklərinə doğru hey uçur, uçur və birdən yox olur. Amma qartal itmir, sadəcə, biz onu görə bilmirik, o bizim gözümüzün görüş dairəsini tərk eləyir. Qartalın yox olma zamanını Namiqin səsindəki o qırılma anına, o pauzaya, o ovsuna bənzədirəm. Kim bilir, bəlkə də, qartalın yox olduğu an, adamın ovsunlandığı zaman kəsiyi Namiqin atəşləndiyi məqamdır. 
    Deyə bilmirəm, bildiyim odur ki, Namiq Atəş qeyri-adi diksiyası ilə ətrafındakıların diqqətini bütünlüklə özünə cəlb eləyir, özü də yanır, dinləyicisini, tamaşaçısını da yandırır. Bu yanğı ecazkardır, şirindir. Tam ifadə edə bilmədiyim fikirlərim sanki mənim üçün göz yaşlarına çevrilib Namiqin yüksəldiyi zirvənin o tayına, gül yanağına axır, şəlalayə dönüb zirvədən enir.Namiq Atəşin özünün ifadəsi ilə desək:




O gül yanağından süzülən yaşlar
Axırmış qəlbimin səhralarına.
Orda susuz qalmış arzularımın
Hopurmuş dilimli cadarlarına.


 Şəlalə zirvələrdən enişi ilə zirvələşir, möhtəşəmliyi ilə gözümdə yüksəlir. Öz-özümə həm yüksəlişin, həm enişin zirvəsi olması qənaətinə gəlirəm. Beləcə, Namiq Atəş səsinin həm yüksəliş, həm də enişlə zirvələr fəth etdiyinə inanmağa başlayıram. O, bu iki zirvənin arasında bir sehr dairəsi qurur. Sən istəsən də, istəməsən də o dairəyə düşürsən və Namiq istəmədikcə oradan çıxa bilmirsən. Kim bilir, bəlkə də, sən heç özün də oradan çıxmaq üçün cəhd etmirsən, edə bilmirsən. Çünki bu səsin musiqi ilə harmoniyasının yaratdığı şirinlikdə boğulmaq özü belə şirindir. 

Arzum


namiq atəş     Rəssam müştərisini fırçasının gücü ilə ram edir, dəmirçi çəkici, zindanı ilə əzilmiş avtomobilə ikinci həyat verir, həkim əlindəki şəfa ilə xəstəni ayağa qaldırır, xanəndə səsinin həzinliyi ilə dinləyicisinin qəlbinə yol tapır. Namiq Atəş isə sözləri ard-arda düzməklə, bir-birini tamamlayan misralarla naxış vurur, çələng toxuyur, məclisləri bəzəyir. O nə rəssamdır, nə dəmirçidir, nə həkimdir, nə də xanəndə. Amma dinləyicisini ram edir, onu cazibəsinə salıb sağlam həyata tərəf çəkir, ayağa qaldırır, onun qəlbinə yol tapır. Bir-birindən cazibəli, bir-birindən ovsunlu sözləri vüsalla hicranı qucaqlaşdırır, sevinclə kədəri doğmalaşdırır, sevgi ilə nifrəti qol-boyun edir. Amma bu yerlərə çatana qədər neçə dağdan, neçə arandan keçir. Gah çoşub-daşır, gah da tüstülənir və nəhayət, alışıb atəşə dönür. Kim bilir, bəlkə də, Namiq elə beləcə Atəş olub.
   Mənim isə elimin, obamın bu dodağısözlü oğluna bir arzum var: Namiq Atəş, bu atəşin sönməsin!



Dosta nəşə, düşməninə ələm ver,
Hikmətini nə bol elə, nə kəm ver.
Yazmaq üçün mənə şirin qələm ver
Səndən yazım, bədxahların titrəsin
Namiq Atəş, bu atəşin sönməsin.

Sonsuz olsun, tükənməsin ilhamın,
Hikmət ilə yoğrulsun hər kəlamın,
Yaz, qardaşım, dayanma yaz, sən canın
Şeirinin dadı-duzu dönməsin
Namiq Atəş, bu atəşin sönməsin.

Atəşindən yanan qəlblər sərinlər,
Bu nə oddur, od üstünə su çilər?
Misraların ürəklərə nur ələr
Sən nur payla, zülmət bizə gəlməsin
Namiq Atəş, bu atəşin sönməsin.

Sənə kömək olsun uca Yaradan!!!
Yaz, eloğlu, yaz bu iki dünyadan.
Səsin gəlsin uzaq eldən-obadan.
Qoy şöhrətin zirvələrdən enməsin
Namiq Atəş, bu atəşin sönməsin.
Namiq Atəş, bu atəşin sönməsin! Namiq Atəş, bu atəşin sönməsin! Reviewed by Unknown on 10.1.17 Rating: 5
Blogger tarafından desteklenmektedir.