Weather forecast for Zardab

Müasir Zərdab rayonunun şərqində mövcud olmuş yaşayış məntəqələri

23.9.20

 

Zərdab rayonu

 Ərazidə aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlər, bu ərazinin tarixinin eramızdan əvvələ gedib çıxdığını sübut edir. Ərazidə bizə məlum olan ən qədim yaşayış məntəqəsi indiki Əlvənd kəndidir. Bəzi tətqiqatçılar qədim Alban şəhərinin Alvan-Alvand-Əlvənd kimi təhrif olunduğunu bildirirlər və Zərdabın müasir Əlvənd kəndi ilə eyniləşdirirlər.

   Qətran qalası

 Şamaxı xanları Ağası xan və Mustafa xan Əlvənd kəndində yerləşən Qətran qalasında oturaraq Şirvanı idarə ediblər. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu. 1790-cı illərdə hakimiyyət uğrunda gedən çəkişmələr zamanı Ağası xanın oğlu Mustafa xan da bir müddət Qətran səngərində məskən salıb. Abbasqulu ağa Bakıxanov yazır: “Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu.”

 Mehman Əlvənd müsahibələrinin birində Əlvənd kəndinin yaxınlığında məşhur Qətran qalası olduğunu və Arran hökmdarları tərəfindən məşhur şairimiz Qətran Təbrizinin şərəfinə tikilmiş bu qalanın çox böyük tarixi sirlərin daşıyıcısı olduğunu bildirir. Türk dilində yazan Qətran Təbrizi səlcuqlar dövründən əvvəl yaşayıb. Bu fakt, türklərin səlcuqlardan daha əvvəl Azərbaycan ərazilərində, o cümlədən müasir Zərdab və Əlvənd ərazilərində yaşadığını göstərir.

 Mehman Əlvənd yazır: “1918-ci illərdə ermənilər Əlvənd istiqamətində hücuma keçərək Qətran qalasının izlərini yerli-dibli silmək istəyiblər. Lakin köməyə gələn türk qoşunları və yerli camaat qonşuluqdakı Sor-sor kəndinin yaxınlığında erməniləri darmadağın ediblər. Sovet vaxtı Qətran qalasının xarabalıqlarını itirmək məqsədilə, Zərdab rayonu ərazisində 2-3 dəfə Kür çayının axınının istiqamətini dəyişdiriblər.”

 Qala rus işğalından sonra Əlvənd Vat adlandırılmışdır. Çar imperiyasının sənədlərinə əsasən, 1871-ci ildə Bakı quberniyasının indiki Zərdab ərazisində Əlvənd adlanan iki məntəqə qeydə alınıb. Birinci məntəqə Əlvənd adlanıb və indiki Əlvənd kəndinin yerində yerləşib. İkinci məntəqə isə birinci məntəqədən təxminən 7-8 kilometr şimal-şərqdə, Kür sahilində yerləşib və Əlvənd Vat adlandırılmışdır. Hazırda bu ərazi Dəvəçökəyi kimi tanınır.

   Qutluq-Balıq şəhəri

 XIII əsrin II yarısı və XIV əsrdə müasir Zərdab ərazisi Şirvanşahlar dövlətinin tərkibində Hülakülərdən və Cəlairilərdən asılı vəziyyətə düşmüşdür. XIV əsr Hülakü mənbələrində adı çəkilən və “70 göl” mənasını verən Delan Naur ərazisinin qərb hissəsi indiki Zərdab torpaqları olub. Taleh Əliyev yazır: “Elxanilərdən Keyxatu xan 1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda olduğuna əsasən, şəhərin Kürün şimal sahilində, adı çəkilən göl ilə Girdimançay arasında olduğu anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən Gur-gur yaşayış yeridir.”

   Gur-gur kəndi

 Azərbaycanda qədim kəndlərdən biri olan Gur-gur kəndi artıq rəsmi olaraq bir kənd kimi mövcud deyil, əhalisi Otmanoba kənd sakinləri hesab olunur. Yaşayış məntəqəsi haqqında "Gur-gur kəndi" səhifəsinə keçid etməklə məlumat ala bilərsiniz.

   Qarağaclı kəndi 

 Qarağaclı kəndi indiki Əlvənd və Otmanoba kəndlərinin ərazisində mövcüd olub. Qarağaclı toponimindəki "qara" sözü "böyük" mənasını daşıyır. Yaşayış məntəqəsi qarağac bitkisi ilə zəngin olan Qarağaclı adlı yerdə salındığı üçün belə adlandırılmışdır.

 Keçən əsrin əvvəllərindən əhali kəndi tərk edərək digər ərazilərə köçmüşdülər. Ötən əsrdə indiki Ağsu rayonu ərazisində, hazırda Kəndoba kəndi ilə birləşdirilmiş Qarağaclı kəndi olub. İllər boyu əhali Zərdabdan Ağsuya və əksinə köç ediblər. Zərdab rayonunun Qarağaclı kəndinin əhalisinin də Ağsu ərazisinə köçmələrini ehtimal etmək olar.

 Tərtər, Sabirabad, Cəbrayıl, Cəlilabad, Qubadlı rayonlarında da Qarağaclı adlanan kəndlər var.

   Mirzəxanlı kəndi

 XIX əsrin əvvəllərində müasir Zərdab ərazisində Mirzəxanlı adlanan kənd mövcud olub. Mirzəxanlılar oğuzlardan olan qədim türk Kolanı tayfası içərisində qol və tirə adıdır. Nadir şah Əfşarın XVIII yüzilin 30-cu illərində Xorasandan Azərbaycana (Araz çayının şimal hissəsinə) köçürdüyü tayfalar içərisində kolanılar da olub. Bu tayfaya məxsus Mirzəxanlı ailələri müxtəlif ərazilərdə, o cümlədən müasir Zərdab ərazisində də məskunlaşıblar və əsasən heyvandarlıqla məşğul olublar. Sonralar məlum olmayan səbəblərə görə Zərdab ərazisindən köçüb gediblər. 1870-ci ildə, indiki Şıxbağı kəndinin yerləşdiyi ərazidə Mirzəbağı adlanan məntəqə də qeydə alınıb.

   Nuru obası

 1870-ci ildə Bakı Quberniyasının Göyçay qəzasının ərazisində, qəza mərkəzindən 73 verst məsafədə məskunlaşan Nuru obası Şahsünlü kənd icmasına daxil edilmişdir. 1870-ci ildə müasir Zərdab ərazisində yerləşən Nuru obasının 22 təsərrüfatında 52 nəfər kişi, 49 nəfər qadın olmaqla, cəmi 101 nəfər əhali, 1879-cu ildə isə 19 təsərrüfatında 58 nəfəri kişi, 45 nəfəri isə qadın olmaqla, cəmi 103 nəfər əhali yaşayıb.

 1893-cü ildə oba Şamaxı qəzasının Kürdəmir bölgəsinin Şahsünlü kənd icmasının tərkibində yerləşirdi. Obanın 20 təsərrüfatında 70 nəfər kişi, 45 nəfər qadın olmaqla, cəmi 115 nəfər əhali yaşayıb.

 Oba XX əsrin ilk illərində də Şahsünlü kənd icmasına daxil edilmişdir. 1902-ci ildə obanın 20 təsərrüfatında 115 nəfər əhali, 1911-ci ildə isə 22 təsərrüfatında 151 nəfər əhali yaşayıb. Nuru obası 1917 və 1921-ci illərdə Kürdəmir bölgəsinin Əlvənd icmasına daxil edilmişdir. Obada 1917-ci ildə 40 ev, 1921-ci ildə isə 36 ev olub.

 Sonrakı illərdə Nuru obası haqqında məlumat verilmir. Çox güman ki, yaşayış məntəqəsinin ya adı dəyişdirilmiş, ya da Şahsünlü kəndi ilə birləşdirilmişdir.

   Ülviyyən kəndi

 Nizami Gəncəvi poemalarından birində Atabəy Qızıl Arslanla görüşdüyünü və şahın ona Həmdünyan adlı kənd bağışladığını qeyd edib. Mehman Əlvənd bildirir: “Qızıl Arslan məhz Qətran qalasında Nizami Gəncəvi ilə görüşüb və ona Həmdünyan kəndini bağışlayıb. Sonralar Həmdünyan kəndinin adı təhrif olunaraq Ülviyyən adlandırılıb. 1930-cu illərdə həmin kəndin sakinləri repressiyaya məruz qalaraq zorla Türkmənistana və başqa yerlərə köçürülüb. Bu qədim kənd Əlvənd kəndinin yaxınlığında, ipək yolunun üstündə yerləşərək böyük ticarət mərkəzinə çevrilmişdir.”

 Çar imperiyasına aid siyahıyalınma sənədlərində Həmdünyan və ya Ülviyyən kəndləri haqqında məlumat verilmir. Bu yaşayış məntəqəsinin Əlvənd icmasına daxil edildiyini və ya adının dəyişdirildiyini ehtimal etmək olar.

   Mehdilər kəndi

 Rayon mərkəzindən 20 kilometr cənub şərqdə, Şəftəhal kəndi yaxınlığında Mehdilər adlı yaşayış məskəni var. Hazırda Mehdilər rəsmi olaraq bir kənd kimi mövcud deyil.

 Araşdırmaçılar kəndin adını Mehdili adlanan nəslin adı ilə bağlayırlar. Avşar elinin mehdili adlanan tirəsi olduğu məlumdur, Ağcabədi rayonunun Muğanlı kəndində də mehdili nəslinə mənsub ailələr yaşayırlar.  Cəbrayıl, Bərdə, Kürdəmir rayonlarında Mehdili adlı kəndləri var.


 Rus imperiyası XIX əsrin sonlarında idarəetməni asanlaşdırmaq məqsədilə qəzalarda kənd icmaları yaratmışdılar. Əlvənd kəndi nəinki müasir Zərdab rayonunun, eləcə də tərkibində yerləşdiyi Bakı quberniyasının və Göyçay, Şamaxı qəzalarının ən iri icmalarından biri idi. İcmanın tərkibinə bir-neçə yaşayış məntəqəsi daxil edilmişdir. Sənədlərə əsasən 1911-ci ildə icmaya 7 yaşayış məntəqəsi, Qoyunlu, Osmanalı, Seyidlər, Sovla, Xalisa (Xəlisə), Qışlaq Baxşı, Xəlilli İbrahimbəy məntəqələri daxil edilmişdir. Osmanalı yaşayış məntəqəsi hazırda Otmanoba, Seyidlər isə Aşağı Seyidlər adlanır. "Zərdab rayonu Otmanoba kəndi""Zərdab rayonu Aşağı və Yuxarı Seyidlər kəndləri" səhifələrinə keçid edərək, bu kəndlər haqqında məlumatlar əldə edə bilərsiniz. Sovla, Qışlaq Baxşı kəndləri hazırda Kürdəmir inzibati ərazisinə daxildir.

  Qoyunlu (Koyunlu) kəndi

 Yaşayış məntəqəsinin adının Kürdəmirin qonşu Köhünlü kəndinin təhrif edilmiş forması olduğunu ehtimal etmək olardı. Amma bir məsələ var ki, Köhünlünün əvvəlki, o cümlədən 1917-1921-ci illərdəki adı Fətixanlı olub. 1911-ci ildə 98 evdən ibarət olan Qoyunlu kəndində 490 nəfəri kişi, 317 nəfəri qadın olmaqla, cəmi 797 nəfər əhali yaşayıb. Kənd qəza mərkəzindən 85 verst, pristav idarəsindən isə 36 verst məsafədə yerləşib.

  Xəlisə kəndi

 Xəlisə “bəylərə bağışlanan mülk” mənasındadır. 120 evdən ibarət olan Xəlisə yaşayış məntəqəsində 522 kişi, 412 nəfəri qadın olmaqla, cəmi 934 nəfər əhali qeydə alınmışdır. Kənd qəza mərkəzindən 75 verst, pristav idarəsindən 45 verst məsafədə yerləşirdi.

Xəlilli İbrahimbəy (I Xəlilli) kəndi

 Xəlilli İbrahimbəy kəndi 1911-ci ildə qəza mərkəzindən 85 verst məsafədə yerləşib, 31 təsərrüfatında 236 nəfər əhali yaşayıb. Xəlilli İbrahimbəy yaşayış məntəqəsində 1980-cı ildə 30 ev (159 nəfər əhali), 1902-ci ildə 31 ev (173 nəfər əhali), 1917-ci ildə 46 ev, 1921-ci ildə isə 37 ev olub. 1917-1921-ci illərdə Kürdəmir inzibati ərazisinə daxil olan yaşayış məntəqəsi I Xəlilli adlanıb. Bölgədə II Xəlilli kəndi də var idi.   

 

 1917-1921-ci illərdə Əlvənd icmasına Qışlaq Baxşı, Nuru oba, Osmanoba, Seyidlər, Sovla, I Ucarlı, Fətixanlı, I Xəlilli, Şahsoltanlı, Şahsünlü, Ebəyli yaşayış məntəqələri daxil ediimişdir. Şahsünlü hazırda Şahhüseynli adlanır və kənd haqqında "Zərdab rayonu Şahhüseynli (Şahsünlü) kəndi" səhifəsindən məlumat əldə edə bilərsiniz. Fətixanlı yaşayış məntəqəsi hazırda Kürdəmir rayonunun tərkibində yerləşir və Köhünlü adlanır.

   I Ucarlı

 1911-ci ildə Hacı Səmədli kənd icmasına daxil olan I Ucarlı qəza mərkəzindən 75 verst məsafədə yerləşib, 19 təsərrüfatında 107 nəfər əhali yaşayıb. Çox güman ki, Hacı Səmədli ailələrinin qışlaq ərazisi olub. Hazırda Ağsu rayonunda Hacı Səmədli kəndi var. 1921-ci ildə 19 evdən ibarət olan I Ucarlı Kürdəmir inzibati ərazisinə daxil edilmişdir. 

   Şahsoltanlı kəndi

 Çox güman ki, qışlaq ərazi olan Şahsoltanlı yaşayış məntəqəsi İsmayıllı inzibati ərazisinə daxil idi və 1921-ci ildə kənddə 67 ev olub. Hazırda da Göyçay rayonunda Şahsoltanlı kəndi var.

   Ebəyli kəndi

 İsmayıllı inzibati ərazisinə daxil edilən Ebəyli yaşayış məntəqəsi 1921-ci ildə 13 evdən ibarət olub. Bu kəndin də qışlaq ərazisi olduğunu ehtimal etmək olar.

   Kirəşli kəndi

 1949-1950-ci illərdə Ermənistandan deportasiya edilmiş və Zərdab rayonuna göndərilən ailələrin bir qismi Əlvənd kəndi yaxınlığında məskunlaşmışdılar. 36 evdən ibarət olan kənd Kirəşli adlanırdı.  

       Bəxtiyar Əsədli

Zərdab rayonu Gur-gur kəndi

Zərdab rayonu

Əlvənd kəndi


Müasir Zərdab rayonunun şərqində mövcud olmuş yaşayış məntəqələri Müasir Zərdab rayonunun şərqində mövcud olmuş yaşayış məntəqələri Reviewed by Bəxtiyar on 23.9.20 Rating: 5

Yoldaşlarının həyatını xilas edən pulemyotçu ata və yanğınsöndürən oğul

19.9.20

Zərdab rayonu, yanğınsöndürən

 Ramiz Kərimovun atası İsrail Kərimov müharibə veteranı idi. 1919-cu ildə anadan olan Kərimov İsrail Abdul oğlu, 1942-ci ildə cəbhəyə yollanıb. 121 saylı atıcı diviziyasının 383-cü polkunda xidmət edib. Rütbəsi baş serjant olan İsrail Kərimov pulemyotçular bölməsinin komandiri olub. 1943-cü ildə, döyüşlərin birində, hücuma keçən piyadaların irəliləməsinə düşmən qüvvələri  mane olurdu. Hücuma keçənlərin az itki verməsini təmin etmək məqsədilə, İsrail Kərimov pulemyotunu önə çıxarmış və dəqiq atəşlər ilə iyirmiyə yaxın düşmən zabit və əsgərini məhv etmişdir. Göstərdiyi qəhrəmanlıqlara görə, 03.09.1943-cü il tarixdə “İgidliyə görə”, 09.05.1945-ci il tarixdə isə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.

 Ramiz Kərimov 1954-cü ildə Zərdab rayonu Şəftəhal kəndində anadan olub. Orta təhsilini bitirəndən sonra hərbi xidmətə yollanıb. 1974-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra, Moskva Kooperativ İnstitunun Bakı filialının qiyabi şöbəsinə daxil olub. Həmin ildən 4 saylı “Dəmir-beton” trestində işləməyə başlayıb. 1976-cı ildə komsomol göndərişi ilə Bakı şəhər yanğınsöndürmə hissələrinə göndərilib. İlk fəaliyyətinə 04 iyun 1976-cı ildə zavodların birində baş verən yanğını söndürməklə başlayıb.

 06 mart 1977-ci il, saat 14.51-də növbətçi hissəyə məlumat daxil olur. Qaz boru kəmərində yanğın başlamışdır. Yüksək gərginlikli elektrik xətti qırılmış və qaz kəmərinin üstünə düşərək qığılcım yaratmışdır. Təsadüfən boru kəmərinin elə bu hissəsində qaz sızması olub və yanğın başlamışdır. Yaxınlıqda neft emalı zavodu və yaşayış binaları yerləşirdi, yanğının qarşısı təcili alınmalı idi. Yanğını söndürmək üçün göndərilən 4 nəfərlik birinci bölmənin tərkibində Ramiz Kərimov da var idi.

 Qaz kəmərində baş verən yanğının qarşısının alınmasında Ramiz və yoldaşları əsil fədakarlıq nümayiş etdirdilər. Yanğınsöndürmə maşını su doldurmaq üçün qayıdarkən, faciənin miqyasını başa düşən Ramiz və iki yoldaşı hadisə yerində qalırlar. İstiyə və yüksək təzyiqə tab gətirməyən kəmər partlamış, alovlanan qaz Ramiz və yoldaşlarını əhatə etmişdir. Ramiz alovlar arasından yoldaşlarına yol açmış və onların həyatını xilas etmişdir. Təəssüf ki, özü alovların arasından çıxa bilməmişdir. Həkimlərin səyinə baxmayaraq, Ramiz Kərimov 1977-ci ilin mart ayının 6-sında 7-sinə keçən gecə vəfat etmişdir.

 Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ildə Bakı şəhərinin Nizami rayonunda yerləşən parkların birində qəhrəmanın büstü qoyulub. Büstün üzərindəki xatirə lövhəsində adı, soyadı, təvəllüdü və vəfat etmə tarixi ilə yanaşı, “Xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş yanğınsöndürən” sözləri yazılıb. Anadan olduğu Şəftəhal kəndində də qəhrəmanın büstü qoyulub.

 Keçən əsrin 70-ci illərin sonralarında bəstəkar Süleyman Ələsgərov, Əli Vəkilin sözlərinə solist və simfonik orkestr üçün “Ramiz Kərimov haqqında ballada” bəstələmişdir. Bu əsər Rauf Adıgözəlovun ifasında böyük rəğbətlə qarşılanmışdır.

 Zərdab şəhərindəki küçələrinin biri Ramiz Kərimovun adını daşıyır.

       Bəxtiyar Əsədli




Yoldaşlarının həyatını xilas edən pulemyotçu ata və yanğınsöndürən oğul Yoldaşlarının həyatını xilas edən pulemyotçu ata və yanğınsöndürən oğul Reviewed by Bəxtiyar on 19.9.20 Rating: 5

Zərdab rayonu Sarıqaya kəndi

19.9.20

 

Sarıqaya Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə, rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, Kürün sahilində yerləşir. Ərazisi 795,75 hektar, əhalisi təxminən 700 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq, balıqçılıqdır.

Yaşayış məskəninin adı rəng bildirən “sarı” və coğrafi termin olan “qaya” sözlərinin birləşməsindən ibarətdir. Hər iki söz türk mənşəli sözdür, “qaya” böyük daş anlamındadır. “Sarı” sözü rəng bildirməklə yanaşı, “böyük, geniş, uca” anlamında da açıqlanır. Kür sahilində yaşayan əhali, axının əmələ gətirdiyi yarğanlara qaya deyirlər. Sarıqaya yaşayış məntəqəsi torpağının rəngi sarı rəngdə olan yarğanların yanında salındığı üçün belə adlandırılmışdır.

Yaşayış məntəqəsinin ərazisi qədim insan məskəni olub. Taleh Əliyev Sarıqaya ərazisində ilk orta əsrlərdə əkinçiliklə məşğul olan albanların yaşadığını bildirir. Taleh bəy həmçinin XII əsr tarixçilərinə istinad edərək yazır ki, Mərvan ibn Məhəmməd Xəzərlər ölkəsindən 40 min əhali gətirərək Samur və Şəbəran çayları arasında, Ləkz vilayətində yerləşən düzənlikdə məskunlaşdırıb. XIX əsrdə həmin vilayətdən, Türyançay hövzəsinə aid edilən Zərdabın Qoruqbağı və Sarıqaya kəndləri ərazilərinə əhali köçürülmüşdür. T.Əliyev xəzərlərin davamçılarının da indiki Sarıqaya ərazilərində yaşadıqlarını ehtimal edir.

XIX əsrin ikinci yarısından etibarən, Zərdab kəndindən çıxan ailələr də Sarıqaya ərazilərində məskunlaşmışdılar. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaşayış məskəninin əraziləri Göyçay qəzasının II Zərdab kənd icmasının tərkibinə daxil idi. Azərbaycan Cümhiriyyətinin dövründə və eləcə də Azərbaycanda Sovet hakimiyyətinin ilkin dövrlərində, 1929-cu ilədək Göyçay qəzasının tərkibində yerləşib. 1929-cu ildə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun ərazisinə daxil edilib. Sarıqaya kəndində 1917 və 1921-ci illlərdə 45 ev olub. 1933-cü ildə kənddə hələ kollektivləşmə aparılmamışdır, 44 fərdi təsərrüfatda 144 kişi, 121 qadın olmaqla 265 nəfər əhali yaşayıb.

1961-ci ildə Məlikli kənd sovetliyinin, 1977-ci ildə Yarməmmədbağı kənd sovetliyinin,  XX əsrin sonlarında isə Qoruqbağı kənd inzibati ərazisinin tərkibində yerləşən Sarıqaya kəndi, 17 iyun 2003-cü il tarixdə Qoruqbağı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Sarıqaya mərkəz olmaqla kənd inzibati ərazi dairəsi yaradılmışdır.  

Artıq rəsmi olaraq bir kənd kimi mövcud olmayan Yastıyolun Kürün sol sahilindəki ərazilərinin bir hissəsi Sarıqaya kəndi ilə bir təsərrüfatda birləşdirilmişdir. 

Kənd sakini Qarayev Mənsur Şirvan oğlu Qarabağ müharibəsində şəhid olub. Sarıqaya kənd orta məktəbi Mənsur Qarayevin adını daşıyır.

“Sarı” və “qaya” sözləri ilə adlandırılan xeyli sayda coğrafi yer, məkan qeydə alınıb. Samux rayonunda, Cənubi Azərbaycanın Marağa, Sərab və Məlikan şəhristanları ərazilərində Sarıqaya kəndi var. İrəvan əyalətində də Sarıqaya adlı kənd olub. Masallı rayonunun Əmirtürbə kəndində Sarıqaya icması yaşayır. Ordubad, Yardımlı rayonlarında Sarıqaya dağı, Zəngilan ərazisində Sarı baba dağı, Laçın, Şuşa ərazisində Sarı baba dağ silsiləsi, Xələc kəndində Sarı dərəsi, Zəngilanda Sarıbaba düzü, Qafan ərazisində Sarı qışlağı, Qubadlı və Laçın rayonlarında Sarı yoxuşu, Qafan ərazisində Sarı yurdu var. Cənubi Azərbaycanda türk mənşəli Sarıqaya toponimi farslaşdırılmış və Sariqiyyə adlandırılmışdır.



Zərdab rayonu Sarıqaya kəndi Zərdab rayonu Sarıqaya kəndi Reviewed by Bəxtiyar on 19.9.20 Rating: 5

Zərdab 1849-cu ildə. Pyotr Yeqorovun qeydləri.

15.9.20
Zərdab 1849, Pyotr Yeqorov

                                      Pyotr Yeqorov, “Zaqafqaziya bölgəsi üzrə səyahət qeydləri”

                                    Zərdab kəndi – Zərdabda ov – Nuxadan Şin dərəsinə səyahət

 31 avqust 1949-cu ildə bəzi işlərə görə Tiflisdən Zərdaba yollandım, sentyabr ayının 15-də əzgin, yorğun halda Turyançay poçt məntəqəsinə gəldim. Burada poçt yolu bitirdi. Əhalinsinin sayı az olan Turyançayda minik tapmaq çətin idi. Məntəqə nəzarətçisi mənə 4 verst məsafədə, Ağdaş kəndində yerləşən poçt məntəqəsinə getməyi və orada, məntəqə qiymətləndiricisindən Zərdaba qədər ümumi atların götürülməsi üçün açıq vərəq almağı təklif etdi. Mən də belə etdim: qiymətləndirici məni açıq vərəq və bələdçi ilə birlikdə üç minik atı ilə təmin etdi.

 İki saatdan sonra hansısa bir kəndə yetişdik və burada atları dəyişmək lazım gəldi, digərlərində olduğu kimi gəldiyimiz kənddə də bu çətin əməliyyat oldu və belə şəkildə həyata keçdi. Kəndə gələndə birinci növbədə yüzbaşının evini axtarmaq lazım oldu. Rus səyyahlarının bütün suallarına, yerli sakinlər ancaq “yüzbaşı evdə yoxdur” cavabını verirdilər. Səyyah, əlbəttə onu tapmağa məcburdur. Yüzbaşı da hər şeyi yerinə yetirməyi hazır olduğunu bildirir və onbaşının arxasınca adam göndərir. Onbaşı gəlir, yüzbaşı onu atlar üçün növbəsi olan sakinlərin yanına göndərir. Atların əvəzinə sahibləri peyda olur və sanki düzgün olmayan növbə səbəbindən yüzbaşı ilə mübahisəyə başlayırlar, ona nəyi isə izah edirlər. Nəhayət mübahisə bitir. Sakinlər atların arxasınca çöllərə yollanır, onları qovub gətirirlər. Lakin məsələ yenə də bununla bitmir, yeni çətinliklərlə qarşılaşırıq. Atların birində yükləri bağlamaq üçün ip yox idi, birinin cilovu yararsız idi, digəri isə yəhərsiz idi. Burada yenidən mübahisə və izahlar başlayır. Yüzbaşı icmanın başçısı kimi mübahisəni həll edir, işləri yoluna qoyur və bütün bu qarışıq işlərə baxmayaraq mən, iki saatlıq əziyyətdən sonra öz yoluma davam edirəm.

 Beləlikə mən bütün günü tamamilə boz bir çöldə, qalın, hündür qamışlıqlarda, dar yollarda, kol və böyürtkən kollarına ilişərək gəzdim. Son keçiddə atın dizlərə qədər batdığı bataqlıqda iki verst at sürməli oldum. Nəyahət, daha bir kəndə gəlib çatdım. Yüzbaşı mənə bildirdi ki, indi yola çıxmaq gecdir, tezliklə axşam düşəcək (baxmayaraq ki, hələ axşama çox qalmışdı), yollarda quldurlar olur və onlar məni öldürər və ya qarət edərlər. Mən çox israr etmədim, mənzil və gecə gözətçisi istədim. Məni bir saraya, yəni bir daxmaya apardılar. Mənə ancaq dincəlmək və ən azı bir müddət bu nizamsız yollardan qurtulmaq lazım idi.

 Ev sahibi həvəssiz, onbaşının əmrinə itaət edərək məni qəbul etdi. Qadınlar sarayı süpürdülər, zibilləri təmizləyib, mənə yer verdilər. Yerimə uyğunlaşdıqdan sonra od tələb etdim. Sarayın çılpaq, torpaq döşəməsində quru qamış alovlandı. Qəhvə hazırlamağa başladım, ev sahibi və bütün ailə atəşin yanında oturub anlamadıqları qarışıqdan təəccübləndilər. Yeni maraqlılar gəldi və bir saat yarımdan sonra atəşin ətrafında ev sahibləri ilə birlikdə on nəfərə qədər adam toplandı. Nəhayət keşikçilər gəldi, onlar normal insandan daha çox soyğunçuya oxşayırdılar. Qırxılmış başları, dağınıq saqqalları, kobud, gündə qaralmış sifətləri məni qorxutdu. Nəhəng cüssəli olan keşikçilərimdən biri başına əzilmiş, çirkli papaq qoymuş, qolsuz qoyun dərisi geyinmiş və ayaqyalın idi. Digəri orta boylu və enlikürəkli idi, köhnə və nazik bir arxalıq geyinmiş, başına qoyun dərisindən hazırlanmış iri papaq qoymuşdur. Hər ikisinin əllərində iri çomaqları var idi. Digər ziyarətçilərim də kasıb geyinmişdilər, ev sahibinin ailəsi isə hamıdan kasıb görünürdü: yaşlı qadın olan anası və cavan arvadı çirkli cır-cındırda və uşaqları isə yarıçılpaq idi.

 Sakinlər mənim kim olduğumu anlaya bilmirdilər. Geyimimdən kazaka və ya varlı bir cənaba bənzədərək, öz aralarında müzakirə aparırdılar. Mən isə heç nə başa düşməyən kimi davranırdım. Biri məndən “Sen aqa?”, yəni “sən cənabsan?” deyə soruşdu. Mən cavab verməyərək, sual şəklində onun gözlərinə baxaraq, uşaqlara qənd parçası verdim. Sakinlərdən biri yanımda əyləşdi, dostcasına çiyinlərimə vurdu və təbəssümlə soruşdu: “Kunax! Axça çyox var?”, yəni “Qonaq sənin çoxlu pulun var?” Mən əlbəttə, sanki onu anlamdım və suallara ancaq bir sözlə, “belmes”, yəni “anlamıram, başa düşmürəm” söyləyərək cavablandırırdım.

 Səhər yenidən yola çıxdım. Gəlib çatdığımız birinci kəndin adını soruşdum. Mənə “Qaradağlı” cavabını verdilər. Yol xəritəmə baxdım, Qaradağlı Turyançay məntəqəsindən cəmi 8 verst məsafədə idi. Deməli məni irəli deyil, geri aparırdılar, halbuki hər bir bələdçi bilirdi ki, mənə Zərdab lazımdır.

 Sual yaranır: niyə belə olur? Səbəbi budur ki, bələdçi özünün N kəndindən məni tutaq ki, təxminən 12 verst məsafədə olan M kəndinə aparmalıdır. Onlar yola çıxarkən düşünür və hesablayırlar ki, hansı kənd daha yaxındır. Hətta bu kəndin Zərdab yolunda olub-olmamasını bilmək belə istəmirlər. Onlar üçün hara getməyin fərqi yoxdur, ancaq yol uzaq olmasın. Beləliklə mən dünən və bu gün, əlli verst boyunca getdiyim yerin ətrafında dolanmışam!

(Yollarda daha bir neçə məcaralardan sonra səyyah bir gecə Zərdaba gəlib çatır.)

 Zərdabda ilk təsəərrüatım çox xoşagəlməz oldu. Qollarımın, ayaqlarımın, üzümün və boynumun güclü qaşındığını və yanan kimi olduğunu hiss edirdim. Yuxudan oyananda gördüm ki, ağcaqanadlar sanki məni yeyiblər. Mən ehtiyatsız davranaraq, yoldan yorulmuş halda, açıq havada, çadırda, bir çarşafın altında yatmağa uzandım və çox tez və möhkəm yuxuya getdim. Ağcaqanadlar da elə bunu gözləyirmiş, qanadlı qaniçənlər bütün gecəni mənim qanımla şişdilər. Bədənimdə yaranan şişlərdən necə xilas ola biləcəyimi belə bilmirdim.

 Səhər Zərdabın nə olduğunu araşdırmalı oldum. Bura heç də yaxşı vəziyyətdə olmayan, saray adlanan yüzlərlə qamış evlərdən ibarət olan bir tatar (türk) kəndidir. Bu daxmalar ya bir yerdə cəmlənmiş, ya da ətrafa səpələnmişdir. Hündür və yöndəmsiz enli bacaları düz torpaq damlardan sanki, alovdan sonra çıxırdı. Kəndin arxasında ucsuz-bucaqsız bir çöl var, qarşısından isə Kür çayı axır. Kürün sağ sahili boyunca kifayət qədər böyük, sıx və yaşıl bir meşə uzanır.

 Kəndin tarixi bildiyim qədər elə də qədim deyil ki, nəsə söyləmək olsun. Yaxınlıqda, Kür sahilində yerləşən digər kəndlərdə olduğu kimi, əhali yarıköçəridir və sənaye sahəsi ilə məşğul olmur. Ola bilər ki, əvvəllər Qarabağdan Şamaxıya gedən əsas yol Zərdabdan keçib, amma hazırda bu yolun heç bir izi qalmayıb. Adətən belə köhnə yollar dağıdılmış karvasaray və su quyularının qalıqları ilə bilinir. Belə qalıqların olması belə heç nəyi ifadə etmir, belə kəndlərdən böyük yolların keçməsi halları az deyil. 

 Son illərdə Zərdabda körpü-dayanacaq tikilmişdir. Dövlət ehtiyaclarını təmin etmək məqsədilə Salyandan gəmilər vasitəsilə gətirilən duz, spirt və sairə buraya boşaldılırdı. Bir sözlə Zərdabda cansıxıcı və darıxdırıcıdır. Mən isə orada müəyyən bir müddətdə qalmalı idim və orada 4 ay yaşadım.

 Zərdabın sakinləri tatarlardır (türklərdir). Əhalidə bir növ tənbəllik var, yalnız isti mühitdə doğulan və yaşayan insanlar bu cür tənbəl ola bilər. Əhalinin əsas və ən gəlirli ticarəti ağır qayğıya ehtiyac olmayan ipəkçilikdir, heç vaxt taxıl əkməzlər, amma qarpız və qovun yetişdirirlər, varlı sakinlərin kifayət qədər heyvanları var, digərləri isə bir və ya iki inəklə kifayətlənirlər.

 Zərdab bəyləri yeddi qardaşdılar, hamısının bir anadan olub-olmamasını isə bilmirəm. Onu bilirəm ki, onlar öz aralarında mehriban deyillər, ayrı-ayrı evlərdə yaşayırlar. Hamısını yaxşı tanısam da, onlar ilə çox nadir hallarda ünsiyyətdə olurdum.

 Zərdaba gəlişimdən sonra, bir səhər ayaqlarımı xalçanın üzərinə uzadaraq çay içirdim. Birdən mənə ağ çuxada, boz və qırxılmış saqqallı bir tatar yaxınlaşdı. Paltarının təmizliyinə və cəsarətli davranışına görə bu qonağın sıradan bir adam olmadığı qənaətinə gəldim. Tatar məndən ona rus dilində yazılmış bir kağızı oxumağımı istədi. Ona oturmağını, qəlyanımı və bir stəkan çay təklif etdim. Söhbətdən öyrəndim ki, qonaq Zərdab bəylərindən biridir.

 Qısa söhbətdən sonra təzə tanışım mənə irad tutdu ki, niyə ona qonaq gəlmirəm. İnandırmaq istədi ki, mən ona tək qonaq deyil, qardaşdan da üstünəm və o mənim üçün arzuladığım hər şeyi etməyə hazırdır.

   - Ağa! Sən mənim dostumsan, sən mənim qardaşımsan! Mənim evim sənin evindir. Nə istəyirsən de mənə. Mənim hər şeyim sənindir, nə istəsən yerinə yetirərəm. Mən görürəm ki, sən çox xeyirhaq insansan. Sənin kimi insan hələ indiyə kimi bizdə olmayıb.

 Həyatda məni ilk dəfə görən bəy məni belə inandırırdı. Mən ona inanmadığımı hiss etdirmədən, əlimi sinəmə qoyaraq, xoş ifadələr ilə ona minnətdarlığımı bildirdim. Yarım saatdan sonra biz sanki köhnə tanışlar kimi olduq. Bəy mənim qonaqpərvərliyimi görərək, çox fikirləşmədən, dərhal bir xahiş ilə müraciət etdi.

   - Qardaş, səndə sirkə var?

   - Var.

   - Xahiş edirəm, bir az ver aparım.

   - Nikita! Bir stəkan sirkə hazırla.

   - Yox, ağa, bir stəkan azdır. Bir şüşə ver aparım.

   - Bir şüşə olmaz, mənim özümdə də çox deyil.

   - Yox, xahiş edirəm, bir şüşə ver, sən özünə yenə əldə edərsən.

   - Mən haradan əldə edə bilərəm. 80 verst məsafəyə getmək lazımdır.

   - Yox, xahiş edirəm, heç nə olmaz, sən özünə əldə edəcəksən.

   - Nikita, bir şüşə hazırla.

 Tapşırmaqla fikirləşirəm ki, ondan qurtulmaq lazımdır, bəlkə tezliklə gedər. Nikita tatara hirsli baxaraq, deyinə-deyinə sirkəni şüşəyə tökür. Bəy onu tələsik götürür, amma bununla iş bitmir.

   - Qardaş! Səndə kağız var, bir qədər mənə ver.

Bir neçə kağız vərəqi verdim.

   - Xahiş edirəm, bir qədər möhür mumu verəsən.

 Möhür mumu da verdim. Bəy mümkün qədər təşəkkür edir, bir qədər qəlyan çəkir, ayağa qalxaraq təzim edir, əlimi möhkəm sıxaraq gedir. Bu yad qonağın gedişinə sevinirəm, amma sevincim uzun çəkmir. Qonaq yeni xahiş ilə qayıdır.

   - Ağa! Qardaş! Xahiş edirəm, bir qədər barıt verəsən.

   - Yox, bağışlayın, ağa bəy, barıt verməyəcəyəm! Nə də xahiş etməyin! Mən özüm ovçuyam, barıt isə məndə çox azdır!

 Ciddi və hətta əsəbi tonda danışıram. Bəy gülümsəyərək əlimi sıxır, özünün daimi dostluğuna əmin edir, növbəti gəlişinə və nə isə xahişə qədər uzaqlaşıb gedir.

 Zərdabdan Tiflisə gedişimdən bir-neçə gün əvvəl mənə yüzbaşının qardaşı olan digər bir bəy yaxınlaşır. Mənim ilə söhbətindən sonra bilir ki, mən iki gündən sonra gedirəm. Allahım, mənim getməyimə nə qədər peşman olduğunu bildirdi. Əvvəlcə, təəssüfünü bildirdi, sonra qara, parlaq gözləri ilə mənə sual dolu baxdı. Əzab çəkən dostum az qala göz yaşları ilə sorusdu: “Necə? Siz gedirsiniz?” Mən təsdiq etdim.

   - Sənə getmək nəyə lazımdır? Qoy hamı getsin, qoca kapitan, gənc qnyaz olan praporşik, rus praporşiki, çavuş, bütün ermənilər, bütün əsgərlər, Karqanov getsin, amma sən getmə. Xahiş edirəm getməyin.

 Bu dostum məndən bu cür xahiş etdi. Məni niyə bu qədər sevdiyini bilmək istəyirsiniz? Mən Zərdabdan Xankəndinə gedib gələndən sonra, ona bir funt çay və bir baş qənd hədiyyə gətirmişdim, əvəzində isə ondan heç nə götürməmişdim.

 Zərdabın sakinlərinin həyatı haqqında xüsusi maraqlı nə isə söylənəsi bir şey yoxdur. Onlar, digər isti vadilərdə yaşayan tatarlar kimi, aprelin axırı və ya mayın əvvəli öz evlərini tərk edərək, dağlarda yerləşən obalarına yollanırlar. Evlərdə ipəkqurdlarına qulluq etmək üçün yalnız bir nəfər qalır. Avqust və ya sentyabr aylarında barama yığmaq və ipək açmaq üçün evlərinə qayıdırlar və payızın gəlməsi ilə heyvandarlıq üçün daha yaxşı yem toplamaq üçün yenidən gedirlər. Bu dəfə Zərdabdan bir az aralı, Kür sahilləri boyunca səpələnirlər, meşələrdə və qamışlıqlarda çalışırlar. Digər peşələr ilə, işlər ilə az məşğul olurlar. Digər sahələrdə o qədər naşıdırlar ki,  hətta əməklərini səxavətlə mükafatlandırsalar belə, hər hansı bir yeni işi ən böyük çətinliklə qəbul edirlər. Zəngin deyillər, kasıb da yaşamırlar, ac qalmırlar, razıdırlar və göründüyü kimi vəziyyətlərini daha da yaxşılaşdırmaq haqqında az düşünürlər! Yeri gəlmişkən, bu xalq üçün bəzən bir at və ya inək oğurlamaq, bəzən də bir bir səyahətçini, xüsusilə rus adamını soymağa cəhd eləmək elə də günah sayılmır. Bəziləri üçün bir qəpik əvəzinə bir manat almaq, yalan danışmaq, aldatmaq, vədləri yerinə yetirməmək, andı pozmaq - qanuni və heç utancverici olmayan bir iş kimi görünür. Tatarlar (türklər) hər zaman yeni gələn insanla “qonaq”, dostluq əlaqələri qurmağa çalışırlar. Mən həmişə bu qarşılığın əleyhinə olmuşam və bu “qonaq” barədə mənim öz fikirlərim var.

 "Qonaq" Qafqazdakı bütün xalqlara məxsus bir sözdür, tatarlardan, çərkəzlərdən, çeçenlərdən, ləzgilərdən, ümumiyyətlə Qafqaz xalqlarının hamısından eşitmək olar. Heç bir zaman Qafqazda olmamış ruslar üçün də “qonaq” sözü çoxlarına, hətta yaxşı tərəfdən məlumdur. “Qonaq” yalnız yaxşı bir tanışlıq, nəcib bir dostluq deyil, hətta ən yaxşı dostluq deməkdir. Amma mən "qonaq" sözünə həmişə narazı bir təbəssüm ilə yanaşıram və Allahdan məni “qonaq”dan qurtarmasını diləyirəm. Məsələ mənim müsəlmanlar ilə dostluq etmək istəməməyim deyil, əksinə, hər Asiyalı ilə yaxşı münasibət qurmağa hər zaman hazıram. Lakin təəssüf ki, mənimlə “qonaq” münasibətləri bir gündən bir, ən yaxşı halda iki gündən bir olurdu və hər bir “qonaqlıq” yeni bir qonağı qapıdan içəri itələyirdi. “Qonaq” sözünü “aldadılmış” kimi tərcümə etmək istəmirəm, elə bir qonaq tapmaq çətin olardı ki, nə vaxtsa, haradasa öz etibarlı dostunu aldatmamış olsun.

 Əgər qonaq sənə iki ədəd alma və ya bir dəstə üzüm peşkəş, yəni hədiyyə gətirirsə, bilin ki, bu heç də boş yerə deyil, səxavətinizə güvənir və gətirilən xırda-xuruşa görə mükafatının əvəzini on qat deyil, yüz qat artığını alacağına ümid edir.

 Bəziləri düşünür və söyləyir ki, qonaq yol üçün faydalıdır, qonaq qonaq üçün (yəni rus üçün) canını fəda edər. Amma özünün canını deyil, əksinə edəcək! Rusları müşayət edən qonağın, onu ölümə aparması və düşmənə təslim etməsi halları az olmamışdır.

 Mənim qaydalarım budur: “qonağım” yoxdur və hədiyyə qəbul etmirəm. Yollarda “qonaq”dan faydalısı, yaxşı silah, iti qılınc, sürətli at və şəxsi cəsarətdir. Budur sizə dost və sadiq müşayətçi.

 Zərdabın qadınları, xüsusilə qızları çox gözəldir. Təbii gözəlliyə sahib olan onlar yaxşı geyinməyi sevirlər. Geyimləri adi tatar geyimləridir: ipək, parlaq rəngli köynəklər və şalvar, yüksək topuqlu ayaqqabılar. Zənginlərin boynlarında, sinələrində və ya paltarlarında gümüş, hətta qızıl zinət əşyaları olur. Evdən çıxarkən qadınlar görünüşü əla, rəngarəng, ipək və ya adi çarşaflara bürünürlər.

 Qızlar bəzən əylənmək, mahnı oxumaq və rəqs etmək üçün toplanırlar. Kişilər heç vaxt əyləncələrdə iştirak etmirlər. Zərdab qadınları döşəklər və sairə üçün çox zərif, yaraşıqlı və gözəl zolaqlı ipək parçalar toxuyurlar.

 Heç vaxt Zərdabdakı kimi daha darıxdırıcı bir həyat yaşamamışam: yalnızlıq və demək olar ki, tam hərəkətsizlik mənim üçün dəhşətli idi. Şirin bir yuxudan oyandıqdan sonra, günə bir neçə saat oturmaqla çayla başlayırdım, on stəkana qədər çay içirdim, boğulana qədər qəlyan çəkir və çoxdan oxuduğum kitabları və jurnalları yenidən oxuyurdum. Günorta düşürdü, isti cansıxıcılığa və tənbəlliyə səbəb olurdu, naharda oturub qəhvə içərdim və nəhayət yatardım. Demək olar ki, axşamdan əvvəl oyanardım. Çaydan sonra Kür sahilində və ya artıq bezdiyim kənddə bir qədər gəzərdim. Gecə düşəndə isə ağcaqanadlar və cücülər mənə hücum edirdilər. Qanadlı böcəklərin güclü hücumlarını ya siqaret tütünü, ya da alovlanan atəşin tüstüsü ilə cəsarətlə dəf edirəm. Həmişə də örtüyün altında yatıram.

 Beləliklə mən əvvəlcə bir müddət çox cansıxıcı yaşadım və sonra öz yaşayış tərzimə öyrəşdim. Həyatımı bu şəkildə tədricən şaxələndirməyə çalışdım: səhər çaydan sonra əlimdə bir tilovla Kürə gedirəm və bu müddət ərzində nəhəng bir sazan da ovlamışam. Balıq tutduqdan sonra tüfəngim ilə qarğa, sərçə və qaranquşları atır, gecə isə tülkü və çaqqalları izləyərək vururam. Beləliklə, hiss etmədən ova aludə oldum, meşələrdə və qamışlıqlarda çöl donuzları üçün gəzməyə başladım. Heç vaxt şəxsən bir qaban belə öldürmədiyim üçün, bu ovum çox vaxt uğursuz olsa da, həyatımdakı boşluğunu ən azı bir şeylə doldurduğum üçün mənə çox xoş idi. Darıxdırıcı həyatımın yoldaşı bir rus kəndlisi Nikita İvanov Samostrel idi. Mən özüm ona fövqəladə və orijinal ov ehtirasına görə Samostrel ləqəbini vermişdim.

 Payız gecələri aydınlıq olanda, mən Kür sahilində dayanırdım. Çayın suları bir şüşə kimi parıldayır, nəzərəçarpacaq dərəcədə tələsmədən gil sahillərə tələsirdi. Yalnız gecəni gündüz bilərək suda oynayan sazan və ya kütüm, təmiz Kür sularında sürətlə üzərək, birdən oynayır, suyun üzərində sıçrayır və sıçrayışı suyun düz səthində yüngül bir səs çıxarırdı. Və ya qəfildən yırtıcı naqqa peyda olur, dərinlikdən yuxarı üzür, suyun üzərinə qalxaraq, öz qüdrətli quyruğu ilə suya güclü zərbə vurur, çay səthində səs effektləri, dairələr yaradırdı.

 Kürün arxasındakı kiçik nadir meşə ay işığına qərq olmuşdu. Mən gecə quşlarının onun bir yerindən digər yerinə uçduğunu görürəm, oğru çaqqal və tülkülərin meşə kənarında qaçdıqlarını da görürəm. Birdən qorxaq çəpgöz dovşan kolların arasından sahilə qaçdı, arxa ayaqları üstə oturdu.

   - Siz burdasınız? Biz də Sizi axtarırıq! Baxırıq, hara getmisiniz? Bax hardasınız!

 Mənim əvəzolunmaz yoldaşım Nikita Samostrel hündür sahildən qışqırırdı. O və daha bir neçə ovçu dikdən qaçaraq gəldi. Bir qayığa minib Kürün o biri tərəfinə keçdik. Silahları diqqətlə nəzərdən keçirdik, meşəyə çıxdıq və onun dərinliklərinə yollandıq. Silahlarımızı hazır vəziyyətdə saxlayaraq, dar bir yolda gəzərək, vəhşi donuzlarla qarşılaşacağımız ümidi ilə, ehtiyatla yolumuza davam etdik. Kollara və ağaclara toxunmamağa çalışırdıq. Yalnız Nikita, qoyun dərisindən olan kürkü ilə bəzən istər-istəməz bir budağa toxunurdu və səs-küy salırdı, ya da nəhəng çəkmələri ilə qalın kötüyə və ya bir ağac kökünə toxunaraq büdrəyib, sakit bir nida ilə sükutu pozurdu.

 Meşəni keçərək, qaban tapmaq üçün hündür, sıx qamışlığa gəldik. Bir saatdan çox ətrafda gəzdik, dinləyərək gözlədik, qamışların çırpınmasını, heyvanların təlaşını və onların xırıltılarını dəfələrlə eşitsək də, qabanlar oradan çıxmadılar.

 Qamışların arasından keçib gölə çatdıq. Bu göl iki verst məsafədə at nalı şəklində uzanırdı. Yarımadada qamışlar, ağaclar, böyürtkən və digər kollar, bitkilər sıx bitmişdir. Burada heyvanlar, qabanlar və quşlar üçün etibarlı sığınacaqlar vardı.

 Gölə yaxınlaşaraq, ulduzların, ayın və meşəlik sahilin göründüyü gölün sakit hamar sularına baxaraq, ov etməyi tamamilə unutdum, təbiətə heyran qaldım.

(Səyyah yoldaşları ilə birlikdə göl ətrafında məclis quraraq söhbətləşir, ov edirlər. Bir qabanı güllə ilə yaralasalar da, heyvan qaçıb uzaqlaşa bilir)

 Qayığa əyləşib evə üzmək üçün Kür sahilinə yaxınlaşanda, bizdən bir-neçə metr məsafədə bir kaftar ucadan qışqırdı. Biz ələ keçirmək və ya onunla təhlükəli döyüşə girmək istəmədik.

 Ertəsi gün tatarlar bizə ağır yaralı qaban tapdıqlarını və güllələyib öldürdiklərini bildirdilər. Bu qaban bizim ovumuz idi. Biz onu tatarlardan yarım gümüşə aldıq və təntənəli şəkildə yedik.

 Gecə məzardan daha qaranlıq olmasa da, ondan parlaq da deyildi. Külək astaca əsirdi. Kür dalğalanır, gecənin qaranlığından istifadə edən çaqqallar o qədər cəsarətli idilər ki, evimin qapısına və pəncərələrinə yaxınlaşıb dəhşətli dərəcədə ulaşırdılar. Tozlu daxmam bacadan isti bir şəkildə alovlanan qırmızı alovla işıqlanırdı. Mən kədərli bir əhval-ruhiyyədə alovlu bir atəşin qarşısında, bir dəstə quru qamış üstündə oturdum və keçən ilki jurnalı boş yerə vərəqlədim. Son dərəcə darıxdırıcı idi. Nikita Samostrel otağa daxil oldu.

Nikita sakitcə dedi:

- Səndən bir xahiş edim.

- Nə lazımdır Nikita İvaniç?

- Buraxın, ova gedim.

(Səyyah Nikitanı fikrindən daşındırmağa çalışdı.)

 İki dostum axşamı keçirmək üçün mənimlə görüşməyə gəldilər. Nikita onların vasitəsilə də müraciət etdi. Başqa yolum qalmadı, onu buraxdım.

 Çay mənim mənzilimdən bir neçə sajen məsafədə idi. Nikitanı yola salmaq üçün çıxdıq. O, gəmiyə oturdu, ovçu ləvazimatlarını, silahını və nərdivanını qayığın içərisinə qoydu, kürkünü çıxardı, iki küləşi götürüb qayığı sahildən itələdi və sevinclə dedi:

- Əlvida cənablar!

 Səhər daxmamda döşəməyə ağır bir şey düşdüyünü eşidirəm. Gözlərimi açıram, gorəsən bu nədir? Döşəmənin ortasında böyük bir vəhşi donuz uzadılmışdır. Bir əlində silahını, digər əlində öldürdüyü çaqqalın cəsədini tutan Nikita şəstlə otaqda dayanmışdır...

 Yanvar ayı idi. Yatmışam, ağır addım səsləri eşidirəm, elə bil ki, iri bir ayı evimdə astaca gəzirdi. Gözlərimi açıb İvanoviç olduğunu görürəm. Daxmamımı təmizləyir və məni oyatmaqdan çəkindiyi üçün ayaqları ucunda gəzirdi. Susurdu, amma dodaqlarının altında sakitcə nəsə mırıldanırdı. Kiminləsə söhbətləşmək istəyirdi, nəhayət tab gətirmədi. Dərindən nəfəs alıb dilləndi.

   - Belə, ustad!

Gözlərimi açıb soruşuram:

   - Hə, Nikita?

Nikita fezini çıxarıb gülümsəyərək baş əydi.

   - Sabahınız xeyir, cənab!

   - Nə olub?

   - Heç. Sizi qışın gəlişi münasibətilə təbrik edirəm.

   - Necə, burada, Zərdabda qış?

   - Baxın, necə qar yağb, hətta şaxta da var.

   - Kürkümüzü geyinək! Zərdabda qar, özü də necə? Bəli, bu nadir hadisədir, bu möcüzəyə tez baxmalıyıq. Mən çox uzun müddətdir qar görməmişəm.

 Geyinib çölə çıxıram. Hava həqiqətən soyuqdur və qar yağmışdı, özü də necə qar? Cənubdakı bu qarı görəndə vətəni daha yaxşı xatırlamaq olur. Bir saatdan artıq qarlı buzlaq boyunca gəzdim, gəfil qışın soyuğunda həvəslə nəfəs aldım və razı halda öz komama, sarayıma qayıtdım.

 Tatarlar ilin müəyyən bir vaxtında, ancaq qışda ilanbalığı ovlayırlar. Çayda peyda olmaları böyük sürülər ilə uçan, suya baş vuran, bu balıqları tutub udan iri qara quşlar, qarabatlaqlar ilə müşayət olunur. Tatarlar özləri bu balığı yeməsələr də, tuturlar: bir hissəsini ruslara və ermənilərə satırlar, qalanlarını satmağa imkanları olmadıqları üçün iplərə bağlayırlar, qurudurlar və sonra evlərini işıqlandırmaq üçün şam kimi istifadə edirlər. Qurudulmuş balıq da çox yağlı olduğundan məşəl kimi yanır. Tatarlar savadsızlıq üzündən bu işdən də ən yaxşı fayda əldə etməyi bacarmırlar. Balıq ovunda dəstə, komanda şəklində hərəkət etmirlər və yaxşı qazanc əldə edə bilmirlər.

 Mən yüksəklikdən enib Kür sahilinə yaxınlaşdım. Nikita toru ilə səylə çalışdı. Zəhməti hədər getmədi, o demək olar ki, hər dəfə ilana bənzər, parlayan gözəl dərisi olan, torpaq üzərində çıçrayan, əyilib bükülən bir-neçə şam çubuğu (ilanbalığı) ovlayıb quruya tulladı.

 - Cənab, bu gün sizi şam balığına qonaq edəcəyəm. Görün nə qədərdir, sadəcə tənbəllik etməyib tutmaq lazımdır! Bax, bax, ah, nə qədər! Beşini, altısını seçib götürün!

 Nikita təxminən yeddi balıq tulladı. Onları toplayıb nəzərdən keçirdim, qeyri-adi dərəcədə böyük və ətli idilər. Nikita bizdən xeyli aralıda dayanan bir tatara qarışıq tatar dilində nəsə bağırdı. Tatar bağırtını eşidib ətrafına baxdı, məşğuliyyətindən ayrıldı və Nikitanın niyə belə qışqırdığını öyrənmək istəyib yanımıza gəldi. Tatardan soruşdum:

   - Bu balığı yeyirsiniz?

  - Yox, bu balıq şeytan balıqdır, yəni bu ilanbalığı lənətlənmiş bir balıqdır. İnamı olanlar yemirlər, yalnız ruslar yeyirlər.

 Nikita “Siz də yeyin! Burda nə var ki?” deyərək, bir anın içində ilanbalığı tutdu və tatarın dodaqlarına sürtdü, burnuna toxundurdu. Mən istər-istəməz güldüm. Tatar tutuldu və Nikita ucadan qəhqəhə çəkərək dedi: "Siz beləsiniz ... şeytan! ... onun balığı şeytandır!" Tatar özünə gəldi, gözləri parırladı, dişlərini qıcadı və Nikitanı suya itələdi! Ancaq Nikitaya "köpək oğlu" deməyə belə imkan etməyərək, özü də onun arxasınca uçdu. Yıxılan Nikita ondan tutdu və çəkərək özü ilə apardı. “Sən məni boğmaq istəyirsən, indi özün çim!” söyləyən və suda qurşağa qədər dayanan quruya çıxmaq istəyən Nikita, pişik kimi xoruldayaraq sürətlə sahilə çatmağa çalışan tatarı dayandırmağa çalışırdı. Bu səhnəni izləmək üçün qaçıb gələn digər tatarlar gülməkdən ölürdülər. Nəhayət, hər iki “düşməni” yanıma çağırdım, onlara çay verdim və tatara bir ovuc tütün, uşaqları üçün bir neçə qənd parçası hədiyyə etdim. Fağır bundan elə sevindi ki, hətta özünü yenidən suya atmağa hazır idi.

 1849-cu il avqust ayının əvvəllərində, bir vaxtlar Şəki xanlığının əsas şəhəri olan Nuxada, indi Şamaxı vilayətinin qəzasında yaşayırdım. Bundan sonra Gürcüstandan Dağıstana gedən yoldan keçərək, Nuxa və İlisu bölgəsi arasında yerləşən Şin dərəsinə getməli idim.

  Tərcümə: Bəxtiyar Əsədli  (ixtisarla tərcümə olunub)


Zərdab 1849-cu ildə. Pyotr Yeqorovun qeydləri. Zərdab 1849-cu ildə. Pyotr Yeqorovun qeydləri. Reviewed by Bəxtiyar on 15.9.20 Rating: 5

Zərdab rayonu Salahlı kəndi

15.9.20

 Zərdab rayonu Salahlı kəndi Şirvan düzündə, rayon mərkəzindən 2 kilometr şimalda, Qarasu (Türyançay) çayının sahilində yerləşir. Ərazisi 515 hektar, əhalisi təxminən 700 nəfərdir. Kənd əhalisi heyvandarlıq, əkinçilik, quşçuluq, yemçilik, meyvəçilik, baramaçılıq, balıqçılıq ilə məşğul olurlar. Hazırda kənd Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. Salahlı və Gəlmə kəndlərini el arasında “Şorrama” adlanan meliorasiya kanalı və Zərdab-Ağcabədi şossesi ayırır.

 Salahlı kəndinin ərazisi qədim insan məskəni olub. Müxtəlif illərdə Salahlı və Xanməmmədli kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində saxlanılır.

 Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən Zərdab rayonunda yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında, Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Borçalı mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub türk ailələri Gəncə və Qarabağ xanlıqlarına köçürülmüşdü. Sonralar Azərbaycanın müxtəlif ərazilərinə köç edən salahlı ailələri Zərdab ərazisində də yurd salıblar. Rayon ərazisindəki Salahlı kəndinin adı da bu ailələr ilə bağlıdır.

 “Salahlı” toponimi ilə bağlı müxtəlif fərziyyələr var. Mənbələrin verdikləri məlumatlara görə “salahlı” sözü Saleh adlı şəxsin adı ilə əlaqədardır. Saleh şəxs adına “lı” şəkilçisi qoşularaq bir tayfa və yaxud nəsil bildirən toponim yaranmışdır. Sonralar təhrif olunaraq “Salahlı” kimi səslənmişdir. Bəzi tədqiqatçılar “salahlı” sözünün ilkin mərhələdə “silahlı” olduğunu qeyd edirlər. Ş.Nəzirli yazır ki, “salahlı” sözü ilə bağlı ilkin kənd Daş Salahlı olub və mənası “daş silahlılar” deməkdir. Qalan Salahlı kəndləri sonralar bu kənddən ayrılıb. Digər bir fərziyyəyə görə Salahlı tayfasının adı qədim türk mənşəli hunların Sal elinin adı ilə bağlıdır. Sal eli erkən orta əsrlərdə Şimali Qafqazda yaşayıblar. Azərbaycanda Salyan, Ermənistan adlanan Qərbi Azərbaycanda Salut, Sallı, Gürcüstanda Salieti toponimləri də Sal elini xatırladır.

 Göyçay qəzasının ərazilərində yerləşən Salahlı yaşayış məntəqəsi haqqında mənbələrdə məlumat çox azdır. XIX əsrin sonlarında XX əsrin əvvəllərində yaşayış məntəqəsinin, I Zərdab və ya Lələ Əhmədli kənd icmalarından birinin tərkibinə daxil edildiyini ehtimal etmək olar. Salahlı kəndində 1921-ci ildə 24 ev olub. Kənd Sovet hakimiyyəti dövründə kollektivləşmə aparılan ilk yaşayış məntəqələrindən biridir. 1933-cü ildə kəndin 29 təsərrüfatından 26-sı ümumi təsərrüfatda birləşmişdir. Kənddə 67 nəfər kişi, 46 nəfər qadın olmaqla 113 nəfər əhali yaşayıb. Zərdab rayonunun Salahlı kəndi sovet dövründə Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni kolxozun tərkində yerləşib.

 Bir vaxtlar Salahlı kəndini şosse yolu ilə uzun bir kənd yolu və meliorasiya kanalının üzərindəki enli su boruları birləşdirib. Əvvəllər kənd məktəbinin direktoru işləmiş, hazırda Bakıda sahibkarlıqla məşğul olan Akif müəllimin və onun qohumu Şamil müəllimin maddi dəstəyi ilə kanalın üzərində körpü salınıb və kənd əhalisinin uzaq yolu yaxın olub.

 İslahatlardn sonra kənd əhalisi xeyli azalmışdır. İşsizlik, kənddə yanacaq qazının olmaması səbəbindən əhalinin əksəriyyəti Bakı şəhərinə köçmüşdür. Son dövrlərdə kəndə qaz yanacağının, içməli su xəttinin çəkilməsindən sonra köçən əhalinin əksəriyyəti geri qayıtmışdır.

 Ötən əsrin sonlarında Salahlı kəndində kərpic (qırmızı kərpic) istehsal edən zavod olub. Təəssüf ki, islahatlar zamanı zavod bağlanmış və dağıdılmışdır. Hazırda zavodun ancaq xarabalıqları qalıb.

 Hazırda Qazax rayonunda Daş Salahlı, Yuxarı Salahlı (Qıraq Salalahlı), Orta Salahlı və Aşağı Salahlı,  Ağstafa, Yevlax, Göygöl, Samux rayonlarında Salahlı, Sabirabad rayonunda  Şıx Salahlı, Ağdam rayonunda işğal altında olan Salahlı Kəngərli kəndləri var. İndi İcevan adlanan Karvansaray rayonunda da türklər yaşayan Salah adlı kənd olmuşdur. 1988-ci ildə bu kəndin əhalisini ermənilər talan və qarət edərək qovmuşlar. Tiflis quberniyasının Siqnax qəzasında da Salahlı kəndi olub.

      Bəxtiyar Əsədli



Zərdab rayonu Salahlı kəndi Zərdab rayonu Salahlı kəndi Reviewed by Bəxtiyar on 15.9.20 Rating: 5

Kaspi (Xəzər) vilayəti

11.9.20
Kaspi (Xəzər) vilayəti

 Rusiyanın işğalından sonra Azərbaycan dairələrə və əyalətlərə bölünmüşdü. 1840-cı ildə isə Qafqazın yerli idarəetmə sistemində əhəmiyyətli dəyişiklik edildi və Rusiyanın quberniyalarında olduğu kimi vilayətlər, qəzalar və bölgələr yaradıldı. 22 aprel 1840-cı il tarixdə, I Nikolayın fərmanı ilə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”sinə uyğun olaraq, Cənubi Qafqazda Kaspi (Xəzər) vilayəti təşkil edilmişdir. Vilayətin inzibati mərkəzi Şamaxı şəhəri idi. 25 dekabr 1840-cı ildə Şamaxada Dövlət Şurasının üzvü, senator, Xüsusi Məsləhətçi Baron Pavel Qan təntənəli surətdə Kaspi (Xəzər) Vilayət İdarəsinin açılışını həyata keçirdi. Yeni islahat 01 yanvar 1841-ci il tarixdən qüvvəyə minmişdir. 1846-cı ilə qədər mövcud olmuş vilayət  inzibati cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ (Şuşa), Nuxa, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. 1846-cı ildə, Şamaxı quberniyasına daxil edilərkən Şəki qəzası Nuxa qəzası, Talış qəzası isə Lənkəran qəzası adlandırılmışdır.

 Kaspi (Xəzər) vilayətnin idarəetmə orqanlarına Vilayət Rəisi, Vilayət İdarəsi, Xəzinə Palatası, Dövlət Əmlak Palatası, Cinayət və Mülki Məhkəmə Palatası, Prokurorluq daxil idi. Vilayətə 3 nəfər rəhbərlik etmişdir.

 Kaspi vilayətinin rəisləri:

  1841-1842-ci illər - polkovnik Aşeberq Nikolay Fyodoroviç, rəis vəzifəsini icra edib

  1842-1844-cü illər - general mayor İvanov Appolon Alekseyeviç

  1844-1846-cı illər polkovnik baron Vrangel Aleksandr Yevstafeviç, 1845-ci ildən general-mayor

 Vilayətin gerbi 26 may 1843-cü il tarixdə təsdiq olundu. Gerbin təsvirində qızıl sahəsi olan qalxan dörd hissəyə bölünmüşdür. Yuxarıda sağda ayaqüstə dayanan pələng, solda torpaqdan çıxaraq alovlanan qaz, aşağıda sağda Xəzər dənizini anlamında mavi zolaq, solda isə qarlı zirvəsi olan dağlar silsiləsi təsvirləri verilmişdir. Qalxanın yuxarısında isə İmperator tacı olan qartalın qalxanı qanadları altına alması təsvir edilmişdir.

 Vilayətin ömrü cəmi 6 il oldu. 14 dekabr 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq,  vilayət ləğv edildi və Qafazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdı. 

Kaspi (Xəzər) vilayəti


Kaspi (Xəzər) vilayəti Kaspi (Xəzər) vilayəti Reviewed by Bəxtiyar on 11.9.20 Rating: 5
Blogger tarafından desteklenmektedir.