Weather forecast for Zardab

Şamaxı quberniyası

29.7.20


  Şamaxı quberniyası Cənubi Qafqazda, Rusiya İmperiyası tərkibində mövcud olmuş inzibati ərazi vahididir. İnzibati mərkəzi Şamaxı şəhəri olub.
  14 dekabr 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq Qafazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdı. Azərbaycan ərazisinin əsas hissəsi Şamaxı quberniyasının tərkibinə daxil edildi. Quberniyalar da öz növbəsində qəzalara bölünürdü. Mərkəzi Şamaxı şəhəri olan quberniyanın tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi.
  1859-cu ilə Şamaxı quberniyasına 3 hərbi qubernator rəhbərlik etmişdir. General mayor, baron Aleksandr Yestafeviç Vrangel 1846 – 1850-ci illərdə, general mayor, Sergey Qavriloviç Çelyayev 1850 – 1857-ci illərdə, general mayor, qnyaz Konstantin Davıdoviç Tarxan-Mouravov 1857 – 1859-ci illərdə quberniyanın hərbi qubernatorları olublar. Quberniyanın Şamaxı qəzasının rəisi polkovnik Stepan Osipoviç Aqlinçev, Şuşa qəzasının rəisi polkovnik Pavel Vasilyeviç Safonov, Nuxa qəzasının rəisi polkovnik Romaz Dmitriyeviç Tarxan-Mouravov, Lənkəran qəzasının rəisi Aleksandr Karpoviç, Bakı qəzasının rəisi isə Mixayıl Timofeyeviç Dementyev idi
  1850-ci ildə quberniya 5 şəhərdən, 1 qəsəbədən, 20 bölgədən və 1 pristavlıqdan ibarət olub. Bölgələr isə mahallara və minbaşılıqlara bölünmüşdür.

    Quberniyaların şəhərləri

  Şamaxı şəhərində 3113  ev, 19733 nəfər əhali qeydə alınmış, 863 nəfər ticarət ilə, 2192 nəfər isə sənətkarlıqla məşğul idi. Şəhərdə 4 karvansaray, 14 hamam, 1 dövlət məktəbi, Müqəddəs Nina məktəbinin bölməsi, 2 müsəlman məktəbi, mədrəsəsi, 1 erməni məktəbi, 15 məscid, 5 kilsə fəaliyyət göstərib. Şəhərin 3 meydanı, 7 körpüsü, 47 küçəsi, 395 su quyusu, 29 bağı olub.
 Bakı şəhərində 1840 ev, 8378 nəfər əhali qeydə alınmış, 225 nəfər ticarət ilə, 113 nəfər isə sənətkarlıqla məşğul idi. Şəhərdə 11 karvansaray, 10 hamam, 2 bazar, 2 dövlət məktəbi, 12 müsəlman məktəbi, mədrəsəsi, 1 erməni məktəbi, 12 məscid, 4 kilsə fəaliyyət göstərib. Şəhərin 4 meydanı, 2 körpüsü, 46 küçəsi, 570 su quyusu, 1 bağı olub.
 Şuşa  şəhərində 3040 ev, 15194 nəfər əhali qeydə alınmış, 1015 nəfər ticarət ilə, 1863 nəfər isə sənətkarlıqla məşğul idi. Şəhərdə 4 karvansaray, 2 bazar, 7 hamam, 3 dövlət məktəbi, 9 müsəlman məktəbi, mədrəsəsi, 5 erməni məktəbi, 6 kilsə, 2 məscid fəaliyyət göstərib. Şəhərin 4 küçəsi, 6 körpüsü, 970 su quyusu olub.
 Nuxa şəhərində 2646 ev, 17941 nəfər əhali qeydə alınmış,  2541 nəfər ticarət ilə, 5274 nəfər isə sənətkarlıqla məşğul olurdu. Maraqlı odur ki, ticarət ilə məşğul olan 301 xristianın 300 nəfəri, sənətkarlıqla məşğul olan 519 xristianın 517 nəfəri qadın idi. Şəhərdə 3 karvansaray, 1 bazar, 5 hamam, 1 dövlət məktəbi, 32 müsəlman məktəbi, 2 erməni məktəbi, 34 məscid, 4 kilsə fəaliyyət göstərib. Şəhərin 40 küçəsi, 800 bağı olub.
  Lənkəran şəhərində 833 ev, 3970 nəfər əhali qeydə alınmış, 156 nəfər ticarət ilə, 72 nəfər isə sənətkarlıqla məşğul olub. Şəhərdə 1 bazar, 5 hamam, 1 dövlət məktəbi, 3 məscid, 1 kilsə fəaliyyət göstərib. Şəhərin 1 meydanı, 6 küçəsi, 509 su quyusu, 18 bağı olub.
 Salyan və ətrafında 1125 ev, 17600 nəfər əhali qeydə alınmış, 229 nəfər ticarət ilə, 105 nəfər isə sənətkarlıqla məşğul olub. Salyanda 3 karvansaray, 5 hamam, 1 bazar, 1 dövlət məktəbi, 7 məscid, 28 müsəlmam məktəbi, mədrəsə fəaliyyət göstərib, 5 meydan, 32 küçə, 78 su quyusu, 24 bağ qeydə alınmışdır.

      Quberniyanın bölgələri

  I. Qəbiristanlıq bölgəsi. 1850-ci ildə mahalda türklərdən və türkləşmiş ərəblərdən ibarət 27356 nəfər əhali yaşayıb. 6 kənddən, onlarla obadan və 220 evdən ibarət olan bölgəyə Qəbiristan, Nəvahi mahalları və Elat mahalının bir hissəsi daxil idi. Bölgədə 2 məscid fəaliyyət göstərib. Bölgədə 1500 at, 4500 iribuynuzlu, 90000 isə xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 1. Qəbiristan mahalı. Müasir dövrlə müqayisədə Qobustan, Şamaxı, Hacıqabul rayonlarının ərazisini  əhatə edən Qəbiristan mahalı 1820-ci ilə kimi Mustafa xanın həyat yoldaşı Pəricahan xanıma məxsus olmuşdur. Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan, qəbiristan" sözüylə əlaqəli deyil. Adın kökündə "gəbr" sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst" mənasında işlənmişdir. Vaxtilə qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilib. Sakinlər əkinçilik və maldarlıqla məşğul olurdular.
 2. Elat mahalı. Müasir dövrlə müqayisədə Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisini  əhatə edirdi. Mahalın sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. Mahalın kənd və obalarının bir hissəsi Qəbiristan bölgəsinə daxil edilmişdir.
 3. Navahi mahalı. Hacıqabul rayonu ərazisində mövcud olmuşdur. Navahi mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. Ərazisi çox kiçik idi, tərkibinə II Quşçu, Muğanlı, Navahi, Rəncbərlər kəndləri daxil edilmişdir.
Qəbiristan bölgəsinə Xançoban mahalının Kolanı, Çıraqlı və Qoşun mahalının Çalov obaları da daxil idi.
  II. Bərgüşad bölgəsi. 92 kənd, onlarla oba və 8683 evdən ibarət olan bölgədə 33187 nəfər əhali yaşayıb. Əhalinin 15534 nəfəri kəndli təsərrüfatı ilə, 85 nəfəri ticarət ilə, 676 nəfəri isə sənətkarlıqla məşğul olub. 92 kəndi və onlarla obası olan bölgəyə Sərdərin, Qarasubasar, Bölükət mahalları daxil idi. Bölgədə 2 kilsə, 73 məscid fəaliyyət göstərib. 5000 at, 14000 iribuynuzlu, 3400 isə xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 1. Sərdərin mahalı. Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur. Xanlıq dövründə “Sədari” kimi yazılan mahal adı sonralar “Sərdərin” kimi qeyd olunmuşdur. Mahal bəyi həm də Şirvan ordusunun sərdarı olduğu üçün belə adlanmışdır. Mahalın sakinləri əsasən türklərdən, türkləşmiş ərəb və kürdlərdən ibarət olmuşdur. Əhali əsasən əkinçilik və maldarlıq ilə məşğul idi.
 2. Qarasubasar  mahalı. Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olub. "Qarasubasar" türk sözüdür. Mahalının adı Qarasu çayı ilə əlaqədar olub, çayın suyundan istifadə olunduğu üçün mahal belə adlanıb. Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olublar. Mahalın tərkibinə 10 kənd daxil idi. Mahalın Əlvənd, Zərdab, Qarabörk, Yuxarı Lək, Aşağı Lək, Muradxan, Xələc (Xalaç), Çallı, Şilyan kəndləri Bərgüşad bölgəsinə, Tilanköyün kəndi isə Xançoban bölgəsinə daxil edilib.
 3. Bölükət mahalı. Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. “Bölükət” adı türk dilində “bölük” sözündən və ərəb dilində “-ət” cəm şəkilçisindən yaranıb, “bölüklər” deməkdir. Mahalın kəndləri xan nəsli ilə bağlı idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşmişdir. Türklərdən ibarət olan Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olublar.  
 III. Xançoban bölgəsi. 76 kənd, onlarla oba, 4889 evdən ibarət olan bölgədə 29507 nəfər əhali yaşayıb. 14356 nəfər sakin əsasən kəndli təsərrüfatlarında məşğul olublar. 11750 at, 48700 iribuynuzlu və 302400 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Xançoban mahalı, Elat mahalının bir hissəsi daxil idi.
 1. Xançoban mahalı. Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olub. Mahalın sakinləri tamamən türk elatlarından ibarət idi. Mahalın obaları birbaşa hökmdara, xana bağlı olması səbəbindən Xançoban adlandırılmışdır. "Xan" qədim türk dilindən “xan, xaqan, kaan, hökmdar” mənasında, "çoban"-fars sözü olub, “heyvanları otaran, qoruyan” mənasındadır. Mahalın sakinləri əsasən maldarlıq və taxılçılıq ilə məşğul olublar.
 2. Elat mahalı. Müasir dövrlə müqayisədə Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisini  əhatə edirdi. Mahalın sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. Elat mahalının kənd və obalarının bir hissəsi Xançoban bölgəsinə daxil edilmişdir.  
Qarasubasar mahalının Tilanköyün kəndi və Qəbiristan mahalının Təklə Sofi obası Xançoban bölgəsinin tərkibində yerləşib.
 IV. Qoşun bölgəsi. Bölgədə 5088 ev, 93 kənd və onlarla oba, 24196 nəfər əhali qeydə alınmışdır. 8477 nəfər kəndli təsərrüfatı ilə, 3232 nəfəri ticarət ilə, 2279 nəfəri isə sənətkarlıqla məşğul olub. Bölgədə 21 məscid, 10 kilsə, 1 sinaqoq fəaliyyət göstərib. 2020 at, 9074 iribuynuzlu, 9519 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgənin tərkibinə Qoşun, Houz mahalları daxil idi
 1. Qoşun mahalı. Mahal Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olub. Mahalın sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olublar. Maldarlıq ilə məşğul olan obaları hamısı türk obalarından ibarət idi. Mahal əhalisi türklər və xristian tatlar olub. Vasili Bartold "qoşun" sözünün monqol dilindən türk dillərinə keçdiyini qeyd edir. Monqol dilindəki "xoşun" sözü türk dillərinə "qoşun" kimi daxil olub və "əsgər, yan-yana düzülmüş əsgər dəstəsi" mənasını verir.
 2. Houz mahalı. Müasir dövrlə müqayisədə Ağsu, İsmayıllı və Şamaxı rayonlarının ərazisini əhatə edib.  Osmanlı hakimiyyəti illərində Şirvan bəylərbəyliyi 12 sancağından biri Hauz-Lahıc sancağı idi. Dərbənd bəylərbəyliyi yaranandan sonra Hauz-Lahıc sancağından Lahıc sancağı və Hauz livası ayrılıb. Bu bölgü sonralar da davam etdirilmiş, xanlıqlar dövründə hər ikisi ayrıca mahal olmuşdu. Əsasən türklərdən, müsəlman və xristian tatlardan ibarət olan mahal sakinləri əkinçiliklə məşğul olublar.
 V. Lahıc bölgəsi. 51 kənddən və 1122 evdən ibarət olan bölgədə 31418 nəfər əhali yaşayıb. 2542 nəfəri kəndli təsərrüfatı ilə, 115 nəfəri ticarət ilə, 387 nəfəri isə sənətkarlıqla məşğul olub. Bölgədə 21 məscid fəaliyyət göstərib. 1201 at, 12378 iribuynuzlu, 10125 xırdabuynuzlu heyvan qeydə alınıb. Bölgəyə Həsən, Xozayurt, Lahıc mahalları daxil idi.
 1. Həsən mahalı. Göyçay çayı ilə Girdiman çayı arasında yerləşirdi. Əhali əsasən əkinçilik və sənətkarlıqla məşğul olub.
 2. Xozayurt mahalı. İsmayıllı və Göyçay rayonlarının ərazisində mövcud olmuşdur. “Xazayurd” adı “Xəzəryurd” kimi anlaşılır. VIII əsrin əvvəllərində mahalın əhatə etdiyi ərazidə çoxsaylı xəzər ailələri məskunlaşıblar. “Yurt” sözü də türk dilində olub, bütün türk dillərində eyni mənada işlənir. Sakinlər əsasən türklər, qrızlar (haputlar), müsəlman və xristian tatlardan ibarət olmuşdur. Mahalda meyvəçilik daha çox inkişaf etmişdir.
 3. Lahıc mahalı. İsmayıllı rayonu ərazisində mövcud olub. Lahıc qədim Layzan vilayətinin inzibati mərkəzi olduğu bildirilir. Osmanlı hakimiyyəti illərində Şirvan bəylərbəyliyi 12 sancağından biri Hauz-Lahıc sancağı idi. Dərbənd bəylərbəyliyi yaranandan sonra Hauz-Lahıc sancağından Lahıc sancağı və Hauz livası ayrılıb. Bu bölgü sonralar da davam etdirilmiş, xanlıqlar dövründə hər ikisi ayrıca mahal olmuşdu. Əsasən müsəlman tatlardan ibarət olan əhali bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdular.
 VI. Qəbələ bölgəsi. 64 kənd və 4555 evdən ibarət olan bölgədə 24837 nəfər əhali yaşayıb. Əhalinin 10817 nəfəri kəndli təsərrüfatı ilə, 790 nəfəri ticarət ilə, 136 nəfəri sənətkarlıq ilə məşğul olub. Bölgədə 13 kilsə, 56 məscid fəaliyyət göstərib. 2345 at,  5180 iribuynuzlu və 4575 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Qəbələ və Qutqaşın mahalları daxil idi.
 1. Qəbələ mahalı. XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ (Bum) mahalı adlandırılıb. Çar Rusiyasının Qafqazda apardığı islahatlar nəticəsində Şəki əyalətinin mahallarından biri olan Qəbələ (Bum) mahalı Kaspi vilayətinə, Şamaxı quberniyasına, daha sonra isə Bakı və Yelzavetapol (Gəncə) quberniyalarının tərkibinə qatılmışdır.
 2. Qutqaşın mahalı. Şəki əyalətinin mahalı olub. Şamaxı quberniyası yaradıldıqdan sonra, quberniyanın tərkibinə daxil edilib.
 VII. Xaçmaz bölgəsi. 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil edilib. Bölgəyə Xaçmaz mahalı daxil idi. 44 kənddən və 4459 evdən ibarət olan bölgədə, 29006 nəfər əhali yaşayıb. Sakinlərdən 12879 nəfəri kəndli təsərrüfatı ilə, 105 nəfəri ticarət ilə, 295 nəfəri isə sənətkarlıq ilə məşğul olublar. 1000 at, 5900 iribuynuzlu, 16600 xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 VIII. Nuxa bölgəsi. 55 kənd, 5 oba, 5131 evdən ibarət olan bölgədə 29732 nəfər əhali yaşayıb. 60 məscid, 11 kilsə, 1 monastr fəaliyyət göstərib. 14534 nəfər kəndli təsərrüfatı ilə, 136 nəfər ticarət ilə, 188 nəfər sənətkarlıqla məşğul olub. 1500 at, 4000 iribuynuzlu, 5420 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Göynük və Şəki mahalları daxil idi.
 1. Göynük mahalı. Şəki əyalətinin tərkibində yerləşib. “Göynük” sözünü Göy Türklərlə əlaqələndirirlər. Toponim “meşə  içərisində açıqlıq”, “tala” mənasında da izah edilir. 1846-cı ildən Şəki mahalından ayrılaraq, Şamaxı quberniyasının tərkibində yaradılmış inzibati ərazidir.
 2. Şəki mahalı. Şəki əyalətinin ən böyük mahalı olub. 1819-cu ildə Şəki xanlığının ərazisində yaradılmışdı Quberniyalar yaradırdıqdan sonra Şamaxı quberniyasının tərkibinə daxil edilib.
 IX. Ərəş bölgəsi. Şəki əyalətinin tərkibində olub. 92 kənd və 4269 evdən ibarət olan bölgədə 24082 nəfər əhali yaşayıb, 65 məscid, 6 kilsə fəaliyyət göstərib. 11874 nəfər kəndli təsərrüfatı ilə, 69 nəfər ticarət ilə, 173 nəfər isə sənətkarlıqla məşğul olmuşdur. 2210 at, 17630 iribuynuzlu, 2400 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Ağdaş və Ərəş mahalları daxil idi.
 1. Ağdaş mahalı. 1819-cu ildə Şəki xanlığının ərazisində yaradılmışdı. Şəki əyalətinin də mahalı olan Ağdaş mahalı, 1846-cı ildə Şamaxı quberniyasına daxil edilmişdir.
 2. Ərəş mahalı. Səfəvilər dövründə təşkil edilən Ərəş sultanlığı 1795-ci ildə ləğv edilərək Şəki xanlığına qatılıb. Sultanlığın ərazilərində yaradılan Ərəş mahalı, rus işğalından sonra Şəki əyalətinə, Kaspi vilayətinə, 1846-cı ildən isə Şamaxı quberniyasına daxil edilmişdir.
 X. Zəngəzur bölgəsi. İşğaldan sonra ruslar tərəfindən bölgənin müsəlman əhalisi digər ərazilərə köçürülmüş, əvəzində ermənilər yerləşdirilmişdir. Xeyli sayda türk və digər müsəlman əhalinin köçürülməsinə baxmayaraq, 1855-ci ildə bölgədəki 134 kəndin və 5423 evin yarısı müsəlmanlara (azərbaycanlılara) məxsus idi. Bölgədə yaşayan 34124 nəfər əhalinin 15312 nəfəri türklər olub. Bölgədə 6 məscid fəaliyyət göstərirdi. 8900 nəfər kəndli təsərrüfatı ilə, 60 nəfər ticarət ilə, 120 nəfər isə sənətkarlıqla məşğul olub. 8549 at, 23662 iribuynuzlu, 67900 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgə Qaraçöplü, Pışan, Zəngəzur, Sisian və Tatev olmaqla 5 minbaşılığa bölünmüşdür.
 XI. Çeləbürt bölgəsi. 73 kənd, 1674 evdən ibarət olan bölgədə 16129 nəfər əhali yaşayıb. 5351 nəfər kəndli təsərrüfatı ilə, 15 nəfər ticarət ilə, 215 nəfər isə sənətkarlıqla məşğul olub. Bölgə Xaçın, Talış və Kolanı olmaqla 3 minbaşılığa bölünmüşdür.
 XII. Kəbərli (Kəbirli) bölgəsi. 88 kənd və 3259 evdən ibarət olan bölgədə 23947 nəfər əhali yaşayıb. 8201 nəfər əhali kəndli təsərrüfatı ilə, cəmi 7 nəfər ticarət ilə məşğul olub. Bölgədə 4 məscid fəaliyyət göstərib, 10000 at, 49000 iribuynuzlu, 145000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Otuziki, Dəmirçihəsənli və Kəbərli mahalları daxil idi.
 1. Otuziki mahalı. Qarabağın ünlü mahallarından biridir. Mahal 1747-ci ildə təşkil edilib, mərkəzi Xıdırlı kəndi idi. Adını türk tayfa birliyi otuzikilərdən alıb. 1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Əksəriyyəti azərbaycanlılardan ibarət olan sakinlər maldarlıqla məşğul olur, buğda, arpa və başqa dənli bitkilər yetişdirirdilər.
 2. Dəmirçihəsənli mahalı. Mahal 1752-ci ildə Gürcüstandan gələn Dəmirçihəsənli eli tərəfindən yaradırılıb. Mərkəzi I Təklə obası idi.
 3. Kəbərli mahalı. Mahalın adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Kəbirli mahalında azərbaycanlılar əksəriyyət təşkil edirdi. Sakinlər maldarlıq və taxılçılıqla məşğul olur, buğda və arpa yetişdirirdilər. Mahal 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil edilib.
 XIII. Mustafaxanlı pristavlığı. Qürbətdə olan Mustafa xan 1831-ci ildə Şamaxıya qayıtmaq istəyir. Amma ruslar onun Şamaxıya yerləşməsinə qarşı çıxır. Mustafa xan ona təklif olunan 5 yerdən birini, indiki Beyləqan ərazisində yerləşən Yeddibulağı seçir. Həmin ərazi əvvəl Mustafaxanlı, ölümündən sonra isə Cavadxanlı pristavlığı adlandırılıb. Pristavlıqda 41 kənd, 1049 ev, 7421 nəfər əhali qeydə alınmışdır. 835 nəfər kəndli təsərrüfatı ilə, 98 nəfər ticarət ilə, 12 isə sənətkarlıqla məşğul olub. 700 at, 1500 iribuynuzlu, 5000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Pristavlıq 2 ərazidən, Cavad xan Mustafa xan oğlunun və Ağa xan Mustafa xan oğlunun hakimiyyəti altında olan ərazilərdən ibarət olub.
 XIV. Vərəndin bölgəsi. Qarabağ əyalətində Vərəndin mahalının butun torpaqları İbrahimxəlil xana daha sonra isə Mehdi Qulu xana məxsus olmuşdur. Ruslar siyahıda alınmada Vərəndin mahalında yerləşən butun kəndləri məqsədyönlü şəkildə ermənilərin sayını çox göstərmək məqsədilə erməni kəndləri kimi yazmışlar. 227 kənd, 8223 evdən ibarət olan bölgədə 36231 nəfər əhali yaşayıb. Bölgədə 31185 nəfər kəndli təsərrüfatı ilə, 30 nəfər isə sənətkarlıqla məşğul olub, 7 məscid, 6 kilsə fəaliyyət göstərib. 13720 at, 39630 iribuynuzlu, 21830 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bu mahalda buğda və başqa taxıl məhsulları yaxşı yetişirdi.
 XV. Cavanşir bölgəsi. 184 kənd və 50135 evdən ibarət olan bölgədə 20523 əhali yaşayıb. Əhali əsasən kəndli təsərrüfatlarında çalışıblar. 14171 at, 43213 iribuynuzlu, 15161 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Cavanşir və İyirmidörd mahalları daxil olub.
 1. Cavanşir mahalı. Tərtər və Araz çayları arasındakı ərazidə yerləşirdi. 1747-ci ildə yaradılıb, Qarabağ xanlığının mahalı olub. XVI əsrin sonu XVII əsrin əvvəllərində osmanlılar Qarabağı işğal edərkən cavanşirlər burada qalmışdılar. Əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
 2. İyirmidörd mahalı. Qarabağ xanlığının mahalı olub, 1747-ci ildə yaradılıb. Adını türk tayfa birliyi İyirmidörddən alıb. Sakinləri azərbaycanlılardan ibarət idi. 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil edilib.
 XVI. Lənkəran bölgəsi. 89 kənd və 2903 evdən ibarət olan bölgədə 3970 nəfər əhali yaşayıb. Bölgədə 1725 at, 3429 iribuynuzlu, 4000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Lənkəran, Astara və Züvənd mahalları daxil idi. Hər üç mahal Talış xanlığının mahalı olub. 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil ediliblər.
 XVII. Ərkivan bölgəsi. Bölgəyə Ərkivan mahalı daxil idi. Mahal Talış xanlığının 6 mahalından biri olub. Dəştvənd mahalı kimi də tanınıb. "Ərk" Fars dilində "qala", "istinadgah", "i" birləşdirici səs, "van" isə yer deməkdir. Ərkivanın mənası qalanın yaxınlığında, istinadgah yerində salınmış kənd deməkdir. 1812-ci il dekabrın 31-də 1813-ci ilin yanvarına keçən gecə Ərkivan tamamilə rusların əlinə keçib. 50 kənd və 2716 ev olan bölgədə 8026 nəfər əhali yaşayıb. 3606 nəfər kəndli təsərrüfatı ilə, 20 nəfər ticarət ilə, 248 nəfər sənətkarlıqla məşğul idi. 4520 at, 7249 iribuynuzlu, 7160 xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 XVIII. Sepidac bölgəsi. 123 kənd, 16 oba və 3037 evdən ibarət olan bölgədə 7421 nəfər əhali yaşayıb. 3800 nəfər kəndli təsərrüfatı ilə, 129 nəfər isə sənətkarlıqla məşğul idi. Bölgədə 1 məscid fəaliyyət göstərib, 4810 at, 20504 iribuynuzlu, 59000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Cüməbazar, Drıq, Məringül, Sepidac və Alar mahalları daxil idi. Bu mahallar Talış xanlığının ərazilərində yerləşiblər, 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil ediliblər.
 XIX. Salyan bölgəsi. 36 kənd və bir-neçə obadan, 2634 evdən ibarət olan bölgədə 10321 nəfər əhali yaşayıb. 582 nəfər kəndli təsərrüfatı ilə, 15 nəfər isə ticarət ilə məşğul idi. Bölgədə 23 məscid, 1 kilsə fəaliyyət göstərib, 1500 at, 11600 iribuynuzlu, 1950 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Salyan, Rudbar mahalları daxil idi.
 1. Salyan mahalı. Salyan və Neftçala rayonlarının ərazisində mövcud olmuşdur. “Salyan” adının fars dilindən “illik alınan vergi” mənasında olduğu ehtimal edilir. Şirvan xanlığının mahallarından biri olan Salyan, Mustafa xanın xüsusi mülkiyyətində idi. Mahalın sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı. tüccarlıq, dəmirçilik, dülgərliklə məşğul olurdular.
 2. Rudbar mahalı. Şirvan xanlığının mahallarından biridir, Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur. “Rudbar” fars dilində “böyük çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır. Sakinlərin əksəriyyəti tut bağlarında çalışıblar, ipəkçilik və pambıqçılıqla məşğul olublar.
 XX. Muğan bölgəsi. 20 kənd və 597 evdən ibarət olan bölgədə 3060 nəfər əhali yaşayıb. 5500 nəfər kəndli təsərrüfatı ilə, 50 nəfər ticarət ilə, 50 nəfər isə sənətkarlıqla məşğul idi. Bölgədə 1 məscid fəaliyyət göstərib, 350 at, 8292 iribuynuzlu, 5000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Muğan mahalı daxil idi. Həsən xana, sonra əmisi oğlu Mustafa bəyə məxsus olan mahal, Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olub. Muğan adlanması hələ eramızdan əvvəl Midiya dövründən başlanır. Əbdüləzəl Dəmirçizadə "Muğan" adının "maq/muğ" tayfa adı və fars dilində cəmlik bildirən -an şəkilçisindən yarandığını yazır.
 XXI. Maştağa bölgəsi. Bölgəyə Maştağa mahalı daxil idi. Bölgədə 41 kənd, 6241 ev, 33528 nəfər əhali qeydə alınmışdır. 16778 nəfər kəndli təsərrüfatı ilə, 106 nəfər ticarət ilə, 327 nəfər isə sənətkarlıqla məşğul idi. Bölgədə 58 məscid, 1 atəşgah fəaliyyət göstərib, 3400 at, 5000 iribuynuzlu, 26385 xırdabuynuzlu heyvan qeydə alınmışdır.

 Şamaxı əsrlər boyu zəlzələ fəlakətləri yaşayan zona olmuşdu. Mənbələrin verdiyi məlumatlara görə Şamaxıda  1192-ci ildə dağıdıcı zəlzələ baş verib. Sonralar, 1667, 1669 və 1670-ci illərdə də bu ərazidə güclü zəlzələlər olub. Nəhayət, 1845-ci ildə Şamaxıda daha bir güclü zəlzələ baş verib, o vaxtdan 1859-cu ilə qədər 20-yə yaxın güclü təkanlar qeydə alınıb. 1859-cu il zəlzələsi isə daha dağıdıcı idi.
 Qafqaz canişininin vəzifəsini icra edən general-adyutant knyaz Orbeliani Qafqaz Komitəsinin sədrinə göndərdiyi məktubda yazmışdı ki, 05.30-da bir dəqiqə yarıma yaxın davam edən güclü zəlzələ şəhəri dağıtmışdır. Evlərin böyük əksəriyyəti tamamilə dağılmış və zədələnmişdir. Uçqunlar altında yüzdən çox adam həlak olmuşdur. Sakinlər və məmurlar açıq havada gecələyirlər. Mayın 31-də saat 7-də yenidən güclü yeraltı təkanlar hiss olunmuşdur.
 1859-cu il iyulun 8-də qnyaz Baryatinski Şamaxının hərbi qubernatoru qnyaz Tarxan-Mouravova yazdığı məktubda bildirirdi ki, Şamaxıda quberniya şəhəri bərpa olunarsa, gələcəkdə də belə bədbəxt hadisələrin baş vermə təhlükəsi qalacaq.
 Canişin Rusiya İmperator Elmlər Akademiyasının akademiki, məşhur geoloq German Abixi Şamaxıya dəvət edir və ona bu ərazilərin seysmik xarakteristikasını öyrənməyi tapşırır. Akademik Abixin rəyi quberniya mərkəzinin köçürülməsində mühüm rol oynayır.
  Qnyaz Baryatinski yeni zəlzələ təhlükəsini nəzərə alaraq quberniya idarələrinin Bakıya köçürülməsi barədə düşündüyünü bildirir. Qnyaz Şamaxı qubernatoruna Bakının dəniz sahilində yerləşdiyini, gələcəkdə dəmir yolu çəkiləcəyini və sairə xatırladaraq bu şəhərin quberniya mərkəzi kimi perspektivli olacağına ümid etdiyini yazır.
 1859-cu il sentyabrın 25-də qnyaz Baryatinski Şamaxı qubernatoruna, Şamaxı şəhərinin dağılması ilə əlaqədar bütün quberniya idarələrinin dərhal Bakıya köçürülməsinə hazırlıq işlərinə başlanması ilə bağlı əmr göndərir. 1859-cu il dekabr ayının 6-da isə Rusiya imperatoru 2-ci Aleksandr fərman imzalayır.
  “Quberniya şəhəri olan Şamaxıda tez-tez zəlzələ baş verdiyini və Şamaxı quberniyasının quberniya idarələrinin bu şəhərdə saxlanılmasının münasib olmadığını anlayaraq, Biz Qafqazdakı canişinimizin təqdimatına əsasən əmr edirik:
1. İndiki Şamaxı quberniya idarəsi və orada yerləşən bütün quberniya idarələri Şamaxı şəhərindən Bakı şəhərinə köçürülsün.
2. Bakı quberniya şəhəri dərəcəsinə qaldırılsın.
3. Bundan sonra Şamaxı quberniyası Bakı quberniyası adlandırılsın.
4. Şamaxı şəhəri Şamaxı qəzasının qəza şəhəri hesab olunsun”.

Beləliklə, Şamaxı quberniyasının mərkəzi Bakı şəhəri olur və quberniya Bakı quberniyası adlandırılır.

   Hazırladı: Bəxtiyar Əsədli


Şamaxı quberniyası

Şamaxı quberniyası Şamaxı quberniyası Reviewed by Bəxtiyar on 29.7.20 Rating: 5

Hapıtların məskunlaşdığı Sileyli kəndi

27.7.20


  Siləyli Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Zərdab rayon mərkəzindən 34 kilometr şimal-qərbdə, Qarasu çayının (Türyançayın) sahilində yerləşir. Ərazisi 998,77 hektar, əhalisi təxminən 500 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, quşçuluq, meyvəçilik, baramaçılıq, bostançılıqdır.
  Yaşayış məntəqəsi əvvəllər Sileyli adlandırılmışdır. Sileyli kəndinin əraziləri Nuxa və Ərəş (Ağdaş) qəzasının tərkibində yerləşmişdir. 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir. Sakinlərinin söylədiklərinə görə kənd Qəbələ rayonunun Siləyli kənd əhalisinin qışlaq əraziləri olub. Yerli məlumata görə, Siləyli kənd sakinləri yayı Qəbələdəki, qışı Zərdabdakı kəndlərdə keçirirdilər. Sonralar oturaq həyat tərzinə keçmələri ilə əlaqədar əhalinin bir hissəsi Zərdabda, bir hissəsi isə Qəbələdə daimi məskunlaşmışdır. Mənbələrin yazdıqlarına görə isə, Sileyli oba ailələrinin həm Qəbələdəki, həm də Zərdabdakı eyniadlı yaşayış məntəqələrində yurd salmaları təxminən eyni vaxtlara təsadüf edir.
  1869-cu ilə aid sənəddə Siləyli (Sileyli) haqqında məlumata rast gəlinir. Sənəddə Nuxa qəzasında yerləşən Məlikli, Rəhmətli, Sileyli obalarının hapıtlara məxsus olduğu bildirilir. Dağıstan dilli əhali qrupuna daxil edilən hapıtların tarixi vətənləri Baş Qafqaz silsiləsinin şərq yamacları olub və bəzi mənbələrdə qrız-hapıtlılar kimi də qeyd olunurlar. Mənbələr Ağdaş, Qəbələ, Oğuz, Zərdab, İsmayıllı və Şəkidə hapıtlı ailələrinin yaşayış məskənlərinin olduğunu yazırlar. İsmayıllının Qalacıq kəndinin yaxınlığında Hapıt qəbiristanlığı var və bu ərazidə əvvəllər Hapıt yaşayış məskəni olduğu söylənilir. Mənbələr hapıtların Quba rayonundan köçüb İsmayıllıya gəldiklərini yazırlar.
 Şəki xanlığı XIX əsrdə bölgələrə, mahallara bölündü. Bir çox bölgələrdə kifayət qədər ləzgi dilinin və adətlərinin daşıyıcıları olan əhali qrupları yaşayırdı. Onların Şəki xanlığının ərazilərinə köçmələrinin əsas səbəbi vergilərdən azad edilmələri idi. Qrız-hapıtlılar Ərəş bölgəsində kiçik qış yaşayış məntəqələrində yaşayırdılar. Ağdaş, Alpout, Padar mahallarındakı qışlaqlarda yaşayan dağıstan dilli əhali haqqında isə rəsmi olaraq məlumatlar yox idi. Səbəbi hapıtların və digər dağıstan dilli əhalinin əksəriyyətinin Şəki xanlığının, əyalətinin ərazilərində ancaq qış aylarında yaşamaları idi.
 Məlumatlara əsasən, Sileyli yaşayış məskəninin hapıtlar tərəfindən salındığını söyləmək olar. Hapıtlar Yelizavetpol quberniyasının Nuxa və Ərəş qəzasına daxil edilən indiki Siləyli kəndinin ərazilərində daimi deyil, qış aylarında yaşayıblar. Qəbələdəki yurd yerləri isə hapıtlıların Sileyli obasının yaylaq əraziləri olub. Sileyli sakinləri oturaq həyata XX əsrin əvvəllərində keçiblər. Çox güman ki, Zərdabın Sileyli kəndində daimi yaşayış XX əsrin 20-ci illərinin ortalarından başlayıb. Belə ki, 1921-ci il yaşayış məntəqələri haqqında sənədlərdə Sileyli yaşayış məntəqəsi haqqında rəsmi məlumat yoxdur.
  Siləyli (Sileyli) kəndi uzun müddət Bıçaqçı kənd sovetliyinin tərkibində yerləşib. 14 iyul 1998-ci il tarixdə Siləyli və Yuxarı Seyidlər kəndləri Bıçaqçı inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Yuxarı Seydlər mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
 Əslən Yuxarı Seyidlər və Bıçaqçı kəndindən olan Sarvan Kərimov və Qulu Zərdabi, hapıtların məskunlaşdığı Rəhmətli kəndinin də bir zamanlar indiki Zərdab ərazilərində yerləşdiyini bildirirlər. 1921-ci ildə Rəhmətli kəndində 16 ev olub. Həmyerlilərimiz bildikdiklərinə görə, 1935-1937-ci illərdə Rəhmətli kəndini Kür daşqını aparıb və əhali Ağdaşın indiki Xınaxlı kəndinə və digər ərazilərə köçüblər.

   Bəxtiyar Əsədli

Hapıtların məskunlaşdığı Sileyli kəndi Hapıtların məskunlaşdığı Sileyli kəndi Reviewed by Bəxtiyar on 27.7.20 Rating: 5

Yelizavetpol quberniyasının Ərəş qəzası

24.7.20
İndiki Zərdab rayonunun əraziləri müxtəlif illərdə müxtəlif quberniyaların (Şamaxı, Bakı, Yelizavetpol), o cümlədən müxtəlif qəzaların (Şamaxı, Göyçay, Nuxa, Ərəş) tərkibində yerləşmişdir. Zərdab rayonun Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin əraziləri 1873-1930-cu illərdə Ərəş qəzasının tərkibinə daxil edilmişdir.
Yelizavetpol quberniyasının Ərəş qəzası Yelizavetpol quberniyasının Ərəş qəzası Reviewed by Bəxtiyar on 24.7.20 Rating: 5

Zərdab rayonu Şəftəhal kəndi

23.7.20


 Şəftəhal Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Ərazisi 1207 hektar, əhalisi təxminən 910 nəfərdir. Kənd əhalisi əsasən əkinçilik, heyvandarlıq, baramaçılıq, balıqçılıq, meyvəçilik ilə məşğuldur.
 Yaxın keçmişdə kənd Şəftəxal adlanırdı. Mənbələrdə kəndin tarixi və adının mənası haqqında dəqiq məlumat yoxdur. Çox güman ki, Şəftəhal yaşayış məntəqəsi Şahsünlü və ya Əlvənd kənd icmalarından çıxan ailələr tərəfindən salınıb. XX əsrin əvvəllərində, indiki Zərdab ərazisinə daxil edilən yaşayış məntəqələrinin siyahısında Şəftəxal adlanan yaşayış məntəqəsinə rast gəlinmir. Keçən əsrin əvvəllərində, sənədlərdə Əlvənd və Şahsünlü kənd icmalarına daxil edilən, hazırda bu adda mövcud olmayan bir-neçə yaşayış məntəqəsinin adı çəkilir. Bu yaşayış məntəqələrinin birinin sonralar Şəftəxal adlandırılmasını ehtimal etmək olar. Bir ehtimal Nuru obası ilə bağlıdır. Sənədlərdə 1920-ci illərə qədər, Şahsünlü və Əlvənd icmalarının tərkibində yerləşən bu oba haqqında məlumatlar verirsə də, sonrakı illərdə bu obanın adına rast gəlinmir.
 Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev Xançobanı mahalında yaşayan əhalinin bir hissəsinin Qarasubasar mahalına köçməsi zamanı, Zərdab ərazisinə Girdimançay vadisində, Şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndindən Xəlilli tayfasının az bir qisminin də gəldiyini, professor Nazim Tapdıqoğlu isə Şəftəhal kəndində xəlilli adlanan nəslin məskunlaşdığını yazır. XIX əsrin əvvəllərində Əlvənd icmasına daxil edilən yaşayış məntəqələrinin siyahısında Xəlilli İbrahimbəyli və I Xəlilli kəndləri də olub. Lakin 1920-ci illərdən sonra bu yaşayış məntəqələrinin də adları sənədlərdə qeyd olunmur. Xəlilli adlanan yaşayış məntəqəsinin də sonralar Şəftəhal adlandırılmasını ehtimal etmək olar.
  Şəftəhal 1935-ci ildə yeni yaradılan Zərdab rayonunun kəndidir. Kəndin adına keçən əsrin 30-cu illərinin sonlarına aid sənədlərdə rast gəlinir. Kollektivləşmə zamanı kənd ərazisində “Stalin” adına kolxoz yaradılıb. Müharibədən əvvəl Zərdab rayonunun “Zərdab staxanovçusu” qəzetində, Mircəfər Bağırovun Şəftəxal kəndinin “Stalin”, “Əkinçi” (Şahsünlü) və “Qırmızı Oktyabr” (Seyidlər) kolxozlarına getməsi barədə məlumat çap edilib. Şəftəhal kolxozu sonralar “Komsomol” adlanıb.
  Şəftəxal kəndi 1961-ci ildə Şıxbağı kənd sovetliyinin, 1977-ci ildə isə Şahhüseynli kənd sovetliyinin tərkibində olub. Kənd müstəqilliyimizin ilk illərində də Şahhüseynli inzibati ərazisinin tərkibinə daxil idi. 14 iyul 1998-ci ildə Şəftəhal və Aşağı Seyidlər kəndi Şahhüseynli kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Şəftəhal mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi dairəsi yaradılıb.
  Kəndin adı Azərbaycanda ən nadir yer, məkan adlarından biridir, mənası tam dəqiqləşdiriilməyib. El arasında bu kənd Şəftəxal da adlanır. Kəndin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yerli sakinlər bildiklərinə görə kəndin adı Şəfixal adlı şəxslə bağlıdır və mənası “Xallı Şəfi” anlamındadır. Bəzi araşdırmaçılar kəndin adının ərəb və fars tərkibli “şiftəhal” sözündən götürüldüyü yazır. “Şiftəhal” sözü “vurğun”, “məftun olmuş”, “aşiq” mənasındadır. Kənd ərazisində məskunlaşan nəsil və ailələr arasında səfilər və xallılar da var. Ehtimal var ki, kəndi adı bu nəsil adlarının birləşməsindən (“Səfi və Xallı” sonradan təhrif edilmiş “Şəftəxal” adlanmışdır) yaranıb.
  Yaşayış məskənində xəlilli, səfilər, xallı adlanan nəsil və ailələr ilə yanaşı sadıqlı, veysəlli, mehdili adlanan ailələr də məskunlaşmışdılar. Qazax rayonunda və Kürün o biri sahilində, Beyləqan rayonunun Şahsevən kəndində sadıqlılar nəslinin nümayəndələrinin yaşadığı məlumdur. Orta Asiyada da avşar tayfasının sadıqlı tirəsi var. Xəlilli adlı tayfanın nümayəndələri Azərbaycan ərazisinə XIII əsrdə monqollarla gəlmiş ağ hunların qayı adlandırılan dəstəsinə daxil olmuşdular. “Xallılar” çox güman ki, nəsil və ya ailəyə verilmiş ləqəbdən götürülmüşdür. Orta əsrlərdə Qarabağda Otuziki tayfasının Veysəlli nəslinin nümayəndələri yaşayıb. Səfiləri (Səfiyər) səfəvilərlə bağlı bir soy olduğunu ehtimal edənlər var. Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Səfilər tirəsi var. Avşar tayfasının səfili və o cümlədən mehdili adlanan tirələrinin olması da məlumdur. Şəftəhal kəndinin ərazisində Mehdilər adlı yaşayış məskəni var. Araşdırmaçılar kəndin adını Mehdili adlanan nəslin adı ilə bağlayırlar.
  Şəftəhal ərazisində söyüd, qovaq, müxtəlif meyvə ağacları bitmiş bağ var və kəndin adı ilə əlaqədar Şəftəhal bağı adlanır.
 Kənd sakinləri Xəlilov Mehman Ağabala oğlu, Xəlilov Məhəmməd Qəhrəman oğlu, Məmmədov Bədəl Ağacan oğlu, Şahmurov Elşad Abasqulu oğlu Qarabağ müharibəsində şəhid olublar. Qəhrəmanlıqla həlak olan, “Qırmızı ulduz” ordeni ilə təltif edilən yanğınsöndürən Ramiz Kərimov da Şəftəhal kəndində anadan olub.

  Bəxtiyar Əsədli


 Zərdab rayonu Şəftəhal kəndi


İstifadə olunan mənbələr:
1. Çar imperiyasının arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Taleh Əliyev “Qoruqbağı əhalisinin etnogenizi haqqında”
4. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
Zərdab rayonu Şəftəhal kəndi Zərdab rayonu Şəftəhal kəndi Reviewed by Bəxtiyar on 23.7.20 Rating: 5

Zərdab Qafqaz müharibəsi illərində - 2

21.7.20
XIX əsrin əvvəllərində, Qafqaz müharibələrində münaqişələrin içərisində olmuş və qarışıq bir dövr yaşamış Zərdabın adına arxiv sənədlərində də rast gəlinir. Bu arxiv sənədlərinin bəzilərinin qısa xülasəsini təqdim edirik.
Zərdab Qafqaz müharibəsi illərində - 2 Zərdab Qafqaz müharibəsi illərində - 2 Reviewed by Bəxtiyar on 21.7.20 Rating: 5

Zərdab Qafqaz müharibəsi illərində

20.7.20
XIX əsrin əvvəllərində, Qafqaz müharibələrində münaqişələrin içərisində olmuş və qarışıq bir dövr yaşamış Zərdabın adına arxiv sənədlərində də rast gəlinir. Bu sənədlərdə Həsən bəy Zərdabinin babalarının, atasının və əmilərinin də adları çəkilir. Bu arxiv sənədlərinin bəzilərinin qısa xülasəsini təqdim edirik.
Zərdab Qafqaz müharibəsi illərində Zərdab Qafqaz müharibəsi illərində Reviewed by Bəxtiyar on 20.7.20 Rating: 5

Zərdab rayonu Dəkkəoba, Böyük Dəkkə, Bala Dəkkə və Təzəkənd kəndləri

20.7.20


 Azərbaycanda qohum olan ailələrin bir-birinə yaxın yerlərdə yurd salıdığı yaşayış məskənləri, müxtəlif bölgələrdə məhlə, oba, oymaq, şenlik, dəkkə, dingə, qışlaq, dəngə, yaylaq, tirə, koma, basalaq və sairə adlarla tanınmışdır. “Dəkkə” sözü bəzi alınma sözlər kimi çoxmənalılıq qazanmışdır. Uyğur dilindən alınan fars mənşəli “dəkkə” sözü “zərbə, kobud münasibət” mənasını da verir. “Ərəb və fars sözləri lüğəti”ndə “dəkkə” sözü “dağ keçisi”, “vəhşi keçi”, “səki”, “pəyə”, “tövlə” anlamındadır. “Dəkkə” sözü iri heyvanların aşığı, maçası mənasında da işlədilir. “Dəkkə” adlanan milli papaq növü də olub.
  Tanınmış tətqiqatçı-jurnalist Əjdər Fərzəli “Dədə Qorqud yolu” kitabında indiki Zərdab ərazisindəki Dəkkəoba kəndinin adı ilə bağlı yazır ki, “dəkkə” sözü “dək”, “dekabr”, “dekada”, “deka-meron” sözlərindən götürülüb. Dekabr qədimdə onuncu ay məzmunu daşıyıb, necə ki, dekada, ongünlük deməkdir.
 Zərdab ərazisində yerləşən kəndlərin adlarındakı “Dəkkə” sözünü, “hündür yer” mənasında da işlədilən  “dingə” sözü ilə bağlı olduğunu, yaşayış məntəqələrinin nisbətən hündür ərazidə salındığı üçün belə adlandırıldığını da bildirirlər.
  Hazırda Zərdab rayonu ərazisində “dəkkə” toponimi ilə bağlı Böyük Dəkkə və Dəkkəoba kəndləri var. Bala Dəkkə adlanan yaşayış məskəni isə artıq bir kənd kimi mövcud deyil, təbii inkişaf nəticəsində Təzəkənd kəndi ilə birləşmişdir. Mənbələr hələ 1700-ci illərdə indiki Dəkkəoba və Böyük Dəkkə kəndlərinin ərazilərində yaşayış məntəqələrinin olduğunu yazırlar.

      Dəkkəoba kəndi

 Dəkkəoba kəndi “dəkkə” və “oba” sözlərinin birləşməsindən yaranmışdır. Oba kiçik yaşayış məskənlərinə verilən addır. Daimi yaşayış məskənindən aralı salınan obada adətən qohum ailələr məskunlaşırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə həm yaylaqlarda, həm də qışlaqlarda obalar xırda vahidlərə, dəngələrə bölünürdülər. Xalq “oba” sözünü oykonimlərdə yaşada bilmişdir. Ayrı-ayrı bölgələrdə mövcud olmuş belə obalar kəndə çevrilərkən, bəzən kənd adlarında “oba” komponentini də saxlayırdı. Zərdab rayonu ərazisindəki Otmanoba, Qoşaoba, Dəkkəoba yaşayış məntəqələri də bu tip oykonimlərdəndir.
  Dəkkəoba kəndi Şirvan düzündə, Kür çayının sol sahilində, rayon mərkəzindən 5 kilometr şərqdə yerləşir. Ərazisi 1838 hektar, əhalisinin sayı təxminən 1250 nəfərdir. Kənd əhalisi əsasən maldarlıq, əkinçilik, baramaçılıq, quşçuluq, balıqçılıq ilə məşğul olur.
 Dəkkəoba “dəkkəlilərə məxsus oba” deməkdir. Obanın ilk sakinlərinin XIX əsrdə indiki Böyük Dəkkə kəndindən ayrılıb gələn ailələrin olduğu bildirilir. Əvvəllər Kiçik Dəkkə, Məscid oba və Məscidli oba da adlandırılmışdır. Əjdər Fərzəli Dəkkəoba kəndinin “onuncu oba” mənasını verdiyini yazır.
 XIX əsrin sonlarında, Dəkkəoba ərazilərində Quşçu tayfasının nümayəndələri olan Lələ Əhmədli nəslinin nümayəndələri məskunlaşdıqdan sonra, yaşayış məntəqəsi tədricən böyümüşdür. Quşçu qədim türk tayfasıdır. Quşçu oykonimi öz arealının genişliyinə görə diqqəti cəlb edir. Türkdilli əhalinin yaşadığı ərazilərdə bu etnotoponim geniş yayılmışdır. Tədqiqatçılardan bəzilərinin fikrincə bu toponim hun qəbilələrindən olan quşanların (qara hunların) adı ilə bağlıdır. Lələ Əhmədli qədim Quşçu tayfasının bir ailə sülaləsidir. Lələ Əhmədli oba ailələri indiki Zərdab ərazilərində, Dəkkəoba, Dəli Quşçu, Xanməmmədli, Hüseynxanlı kəndlərində və eləcə də Vəlixanlı, Nəcəfalılı (indiki Qoşaoba) yaşayış məntəqələrində daimi məskunlaşmışdılar.
 Yaşayış məntəqəsinin əraziləri Göyçay qəzasının Lələ Əhmədli kənd icmasına mənsub olub. Tədricən inkişaf edən Dəkkəoba Göyçay qəzasının kəndi kimi qeydə alınmışdır. Azərbaycanda Sovet hakimiyyəti quruldduqdan sonra, Dəkkəoba Göyçay qəzasının Zərdab bölgəsinin, Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun kəndi olub. Lələ Əhmədli Dəkkəoba adlanan kənddə 1917-ci ildə 54 ev, 1921-ci ildə 60 ev olub. 1933-cü ildə kənddə kollektivləşmə aparılmamış, 33 fərdi təsərrüfatda 249 nəfər əhali yaşamışdır. Kənd ötən əsrin 60-cı illərində İsaqbağı kənd sovetliyinin, 70-ci illərdən sonra Dəli Quşçu kənd sovetliyinin, müstəqilliyimiz ilk illərində isə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olub. 05 iyul 2000-ci il tarixdə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılıb.

    Böyük Dəkkə kəndi

  Dəkkə toponimi ilə bağlı digər kənd Böyük Dəkkə kəndidir. Kənd Şirvan düzündə, Kür çayının sahilində, rayon mərkəzindən 7 kilometr şərqdə yerləşir. İsaqbağı inzibati ərazi dairəsinin tərkibinə daxildir. Ərazisi 440,43 hektar, əhalisi təxminən 400 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıqdır.
 Yaşayış məntəqəsi kimi XIX əsrdə formallaşıb. Obanın Hacıəsədli nəslinə mənsub ailələr tərəfindən salındığı bildirilir. Tarixi sənədlərdən aydın olur ki, XIX əsrin sonlarında Böyük Dəkkənin 25 təsərrüfatında 138 nəfər əhali yaşayıb.
 Böyük Dəkkə 1929-cu ilədək Bakı quberniyasının, Azərbaycan Cümhiriyyətinin və Azərbaycan SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının, 1929-1935-ci illərdə Göyçay rayonunun tərkibində yerləşib, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonuna daxil edilib. Böyük Dəkkə kəndində 1917-ci ildə 24 ev, 1921-ci ildə isə 30 ev olub. 1933-cü ildə Böyük Dəkkə kəndinin 33 fərdi təsərrüfatında 250 nəfər əhali yaşayıb. Böyük Dəkkə kəndi Zərdab rayonu təşkil olunandan İsaqbağı inzibati ərazisinin tərkibində yerləşir.
 Böyük Dəkkə “böyük oba” mənasındadır. Böyük olduğuna və digər eyniadlı yaşayış məntəqələrindən, Kiçik Dəkkə (Dəkkəoba) və Bala Dəkkədən fərqləndirmək üçün belə adlandırılmışdır. Araşdırmaçılar, eləcə də Nazim Tapdıqoğlu “Dəkkə” sözünü dik, dəngə “sözü” ilə bağlayırlar və yaşayış məntəqəsinin adının Dikkə kimi yarandığını ehtimal edirlər.
  Dəkkəlilər yaxşı baramaçı və balıqçı sayılıblar. H.Zərdabi də XIX əsrin sonlarına yaxın Zərdabdakı Dəkkə kəndinin balıq vətəgəsini bir neçə illiyə icarəyə götürdüyünü və ov yerlərini pulsuz olaraq dəkkəlilərə verdiyini yazmışdır.
  XX əsrin ortalarına qədər kənd ərazisində balıqçıların ov yeri, göl olub. Gölü kəndin adına uyğun olaraq Dəkkə gölü adlandırıblar. Hazırda həmin gölün ancaq qurumuş çökəkliyi qalıb. Qonşu İsaqbağı və Böyük Dəkkə kəndləri arasında suyu duzlu olan göl də var. Suyun duzlu olması səbəbindən gölü el arasında Şorçala gölü adlandırırlar.

    Bala Dəkkə kəndi

  Bala Dəkkə yaşayış məntəqəsi hazırda Təzəkənd kəndi ilə birləşmişdir. Hacı Əsədli nəslinə mənsub ailələr tərəfindən salınan Bala Dəkkənin tarixi XIX əsrdən başlayır. Üzün müddət rayonun icra strukturlarında müxtəlif vəzifələrdə çalışan, rayon qəzetinin əməkdaşı olmuş, Təzəkənd sakini, jurnalist Fərasət Bilalov bildirir ki, Bala Dəkkə sakinləri əvvəllər Kür çayının indiki yatağında, Hacı Mahmudlu adlanan obada məskən salıblar. Həmin dövrdə çayın yatağı xeyli aralıdan, təqribən 500-600 metrlik məsafədən keçdiyi üçün oba sakinlərinə təhlükə törətməyib. Sonralar Kür çayının yatağı dəyişdirilib və çay obanın lap yaxınlığından axıb. Daşqınlar səbəbindən sakinlərin oba ərazisində yaşaması mümkün olmayıb və onlar təqribən 400-500 metr aralıda olan Böyük Dəkkə yaxınlığına köçüblər. Yaşayış məntəqəsini Böyük Dəkkədən fərqləndirmək üçün Bala Dəkkə adlandırıblar. Bala Dəkkə kəndində 1917-ci ildə 17 ev, 1921-ci ildə isə 18 ev olub.
   Bala Dəkkənin təsərrüfat həyatında baramaçılıq, pambıqçılıq və daha çox balıqçılıq üstünlük təşkil etmişdir. Sakinlər həm satmaq, həm də qida kimi balığın kürüsünə daha çox üstünlük verirdilər. Balıq, Böyük Vətən müharibəsi illərində Bala Dəkkəliləri və eləcə də Kür sahilində yaşayan digər sakinləri aclıqdan qurtaran əsas qida olmuşdur.
 1933-cü ildə Bala Dəkkə kəndinin 20 təsərrüfatında 128 nəfərin yaşadığı haqqında məlumat var. Fərasət müəllim bildirir ki, Bala Dəkkədə kolxoz 1935-ci ildə yaradılıb və onun ilk sədri Süleyman Süleymanov olub. Süleyman kişi tək kənddə deyil, bütün rayonda müdrik, sözü keçən ağsaqqal kimi tanınıb. Kolxoz o vaxtlar Respublika Nazirlər Sovetinin Sədri işləmiş Hüseyn Rəhmanovun adını daşıyıb, pambıq yığımında fərqləndiyi üçün Azərbaycan Kənd Təsərrüfatı Sərgisində də iştirak edib. Sonrakı illərdə Bala Dəkkə Təzəkənd kəndinə, təsərrüfatı isə "Kommunist" kolxozunun tərkibinə birləşdirilmişdir.

    Təzəkənd kəndi

  Təzəkənd Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kəndi Zərdab şəhərinin şimal-şərqdən 500 metrliyində, Kür çayının sahilində yerləşir. Ərazisi 1365 hektar, əhalisi təxminən 1130 nəfərdir. Əhali heyvandarlıq, əkinçilik, yemçilik, quşçuluq, meyvəçilik, baramaçılıqla məşğul olur. Kənd sakinləri Zərdab şəhərində yerləşən dövlət və özəl strukturlarda da çalışırlar.
   Hazırki Təzəkənd əraziləri Zərdab kənd icmasına daxil edilən ərazilər olub. Təsərrüfat işləri zamanı tapılan mis sikkələrə, məişət əşyalarına görə bu ərazilərin qədim insan məskənləri olması bildirilir. Zərdab-Mollakənd yolunun sağ hissəsindən kiçik küp qəbir də aşkar edilmişdir. Təəsüf ki, şumlama prosesi zamanı küp qəbir dağıdılmışdır. Ərazidən tapılan boğaz hissəsi dar olan tayqulp qab isə son antik-ilk orta əsrlərin başlanğıcına aid edilmişdir.
 “Təzəkənd” yeni kənd mənasındadır. Təzəkənd kəndi adından da göründüyü kimi elə də qədim tarixə malik olan kənd deyil. Yaşayış məntəqəsi Sovet Hakimiyyəti qurulduqdan sonra Gəndəbil, Şıxbağı, Nəzəralı, Əlibəyli və Zərdab kəndlərindən köçüb gəlmiş ailələr tərəfindən salınıb. Təzəkənd hazırda Zərdab şəhərinin bir hissəsinə çevrilmişdir. Yaşayış məntəqəsini şəhərlə böyük su kanalı ayırır.
 Yaşayış məskəninin yuxarı məhəlləsi indi də yaşlı əhali tərəfindən “Dəkkə” adlandırılır. 1933-cü ildə Təzəkəndin 39 təsərrüfatında 98 kişi, 80 qadın olmaqla 178 nəfər əhali yaşayıb. 1935-ci ildə Təzəkənd kəndində Kaqanoviç adına kolxoz qurulub və bu kolxoza Səfərəliyeva Türfə Səfərali qızı rəhbərlik edib. Zardab.com.az saytının məlumatına əsasən kolxoz sədri Türfə ilə Qaçaq Saday arasında maraqlı bir hadisə baş verib. “Qadından kolxoz sədri olmaz” düşüncəsi və Türfəni öldürmək məqsədi ilə Saday bəy kəndə gəlir. Sədrin yaşadığı həyətə daxil olur, Türfə onu qarşılayır. Saday bəyin kəndə gəldiyini bilən silahlı milis işçiləri də həyətə daxil olurlar. Saday bəyə öz həyətində gizlənməsinə şərait yaradan T. Səfərəliyeva milisləri, “Saday bəy mənim qorxumdan bu kəndə gələ bilməz” söyləyərək yola salır. Saday bəy gizləndiyi yerdən çıxır, üzünü qadına tutaraq ,”Sən kişi qeyrətli qadınsan, mən səni öldürməyə gəlmişdim, sən isə mənə həyat bağışladın, sənə bir can borcluyam, əvəzini necə çıxa bilərəm?” deyə müracit edir. T. Səfərəliyeva ona  “şəxsən mənə heç nə lazım deyil, sözüm təkcə budur ki, bir də bizim kəndə yaxın düşmə, camaatımızı incitmə” cavabını verir. Şahidlərin dediklərinə görə o gündən sonra Saday bəy bir daha Təzəkəndə üz tutmur.  
 Kənd Sovet hakimiyyətinin sonrakı dövrlərində “Kommunist” kolxozunun tərkibinə daxil edilmişdir. Kolxoz dövründə Təzəkənd əhalisi yaxşı baramaçı və pambıqçı hesab olunurdu.
 XX əsrin sonlarında, XXI əsrin əvvəllərində kənd ərazisi Zərdab-Mollakənd şossesinə doğru daha da genişlənmişdir. Yeni salınan yaşayış massivində Zərdab şəhərindən gələn əhali də məskən salmışdır.
 Təzəkənd kənd ərazisində məhsuldarlığı saniyədə 3 kubmetr olan yeni sugötürücü qurğu və nasos stansiyası tikilib istifadəyə verilib.
 Azərbaycanın 18 rayonunun ərazisində Təzəkənd adlanan kəndə rast gəlinir. İndi Ermənistan adlanan Qərbi Azərbaycanda bu adda 6 kənd olub. İran ərazilərində 1 şəhər, 10 qəsəbə və kənd olmaqla 11 yaşayış məntəqəsi, Gürcüstanda isə 2 kənd Təzəkənd adlanır.
 Böyük Dəkkə kənd sakinləri Abdullayev Nurlan Rasim oğlu, İsayev Sahib Ağahüseyn oğlu, Məmmədov  Kamran Nurəddin oğlu, Məmmədov Namiq Aslan oğlu, Dəkkəoba kənd sakinləri Eyvazov Söhrab Nadir oğlu, Şıxəliyev Elşad Əlişad oğlu, Təzəkənd sakinləri İsaqov Zakir Nüsrət oğlu, İsrəfilov Məhəmməd Şahvələd oğlu Qarabağ müharibəsində şəhid olublar. Nurlan Abdullayev III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Bəxtiyar Əsədli

 Zərdab rayonu Dəkkəoba, Böyük Dəkkə, Bala Dəkkə, Təzəkənd kəndləri

İstifadə olunan mənbələr:
1. Çar İmperiyasının arxiv sənədləri
2. Həsən bəy Zərdabinin məqalə və məktubları (tərcüməçi İsaməddin Əhmədov)
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
4. Taleh Əliyev “Əlican və Türyançay hövzəsinin küp qəbirləri”
5. Əjdər Fərzəli “Dədə Qorqud yolu”
6. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
Zərdab rayonu Dəkkəoba, Böyük Dəkkə, Bala Dəkkə və Təzəkənd kəndləri Zərdab rayonu Dəkkəoba, Böyük Dəkkə, Bala Dəkkə və Təzəkənd kəndləri Reviewed by Bəxtiyar on 20.7.20 Rating: 5

Zərdab rayonu Otmanoba kəndi

10.7.20
Bəzi araşdırmaçıların fikrincə məhz “otman” sözü bir çox yer və şəxs adlarında təhrif edilərək “osman” kimi işlədilib. Araşdırmaçılar yazırlar ki, türklər ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan övladı “otman” adlandırıblar. 
Zərdab rayonu Otmanoba kəndi Zərdab rayonu Otmanoba kəndi Reviewed by Bəxtiyar on 10.7.20 Rating: 5

Həsən bəy Zərdabinin oğlu Midhət bəy barədə maraqlı faktlar

7.7.20
Hələ Almaniyada təhsil alarkən Eva adlı qızla tanış olub, hətta bir övladları olması da söylənilir… Midhət bəy cəsarəti ilə, həmişə düzgün danışması ilə fərqlənirdi… “Bolşeviklərin cənnəti bizim üçün cəhənnəm olacaq” söyləyirdi... Barmaqlarının sındırılması onu müvəqqəti də olsa ölümdən xilas edir…
Həsən bəy Zərdabinin oğlu Midhət bəy barədə maraqlı faktlar Həsən bəy Zərdabinin oğlu Midhət bəy barədə maraqlı faktlar Reviewed by Bəxtiyar on 7.7.20 Rating: 5

Zərdab rayonu Şahhüseynli (Şahsünlü) kəndi

6.7.20



  Şahhüseynli Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə, rayon mərkəzindən 24 kilometr cənub-şərqdə yerləşir. Ərazisi 2200 hektar, əhalinin sayı təxminən 1400 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, quşçuluq, bostançılıq, baramaçılıq, meyvəçilik, balıqçılıqdır.

    Şahhüseynli, yoxsa Şahsünlü?

 Uzun müddət Şahsünlü adlanan yaşayış məntəqəsinin adı XX əsrdə dəyişdirilmiş və Şahhüseynli adlandırılmışdır. Mənbələrin yazdıqlarına görə Şahhüseynli XIX əsrdə Şamaxı qəzasında yaşayan tayfanın adı olub. Lakin hələ Şamaxı qəzası yaradılmamışdan öncə, Şamaxı xanlığında, Şirvan əyalətində Şahsünlü adlanan yaşayış məntəqəsinin olması məlumdur.
  Osmanlı mənbələrində də Şahsünlü tayfasının adına rast gəlinir. Azərbaycan XVIII əsrdə Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində olduğu vaxtlar, Şahsünlü tayfası Osmanlı dövlətinə qarşı çıxmışdı. Osmanlı divan toplantılarında qəbul edilən qərarların toplandığı dəftərlərdə, Təbriz əyalətinin Qarabağ xanlığında yaşayan Şahsünlülər haqqında sənədlərə rast gəlinir. Osmanlıların cəzalandırdıqları Şahsünlülər, Azərbaycanın müxtəlif bölgələrinə köçmüşdülər. Şahsünlülər Şirvana da gəlmiş, Azərbaycanda feodal dövləti olan Şamaxı xanlığınının Xançoban mahalında (indiki Zərdab rayonu ərazisində) məskən salmışdılar. Osmanlı dövləti Şahsünlü ailələrinin təqib edilməsi üçün Şirvan hakimlərinə hökm də göndərmişdir.
  Yaşayış məntəqəsinin təhrif olunmuş Şahsünnü variantına da rast gəlinir.

     Şahsünlü kəndi XIX əsrdə

  Şirvan xanlığı rus işğalından sonra, 1820-ci ildə ləğv edilib. 1840-1846-cı illərdə Şahsünlü obası Xəzər vilayətinin, 1846-1859-cu illərdə Şamaxı quberniyasının, 1859-cı ildən isə Bakı quberniyasının tərkibində yerləşib. Bakı quberniyasında Göyçay qəzası yaradıldıqdan sonra, Şahsünlü obası bu qəzanın tərkibinə daxil edilib. 1870-ci ildə qəza mərkəzindən 75 verst məsafədə yerləşən obanın 69 təsərrüfatında 341 nəfər əhali yaşayıb.
 Növbəti illərdə Şahsünlü Şamaxı qəzasının tərkibinə daxil edilmişdir. 1879-cu ildə Şahsünlü obasının 67 təsərrüfatında 179 nəfəri kişi, 150 nəfəri qadın olmaqla, cəmi 329 nəfər əhali yaşayıb. 1893-cü ildə Kürdəmir bölgəsinin Şahsünlü icmasına Şahsünlü kəndi və Nuru obası daxil idi, 100 təsərrüfatında 237 nəfər kişi, 202 nəfər qadın olmaqla, cəmi 439 nəfər əhali yaşayıb. İcmanın mərkəzi olan Şahsünlü kəndi qəza mərkəzindən 102 verst, pristav idarəsindən 31 verst məsafədə yerləşib, 80 təsərrüfatında 167 nəfər kişi, 157 nəfər qadın olmaqla, cəmi 324 nəfər əhali yaşayıb.

     Şahsünlü kəndi XX əsrdə

  Şahsünlü icması və obası XX əsrdə yenidən Göyçay qəzasına daxil ediilmişdir. 1902-ci ildə isə obanın 77 təsərrüfatında 393 nəfər əhali, 1911-ci ildə isə icmanın 108 təsərrüfatında 563 nəfər əhali yaşayıb. Şahsünlü kəndi qəza mərkəzindən 75 verst, pristav idarəsindən 40 verst məsafədə yerləşib. İcma əhalisinin 21 nəfəri bəy ailəsi, 3 nəfəri təhsilli şəxs olub.
  Keçən əsrin əvvəllərində daşnakların Şamaxı qəzasına basqını zamanı qəza kəndlərinin əhalisinin bir hissəsi Kürqırağı obalara, əsasən Zərdab nahiyəsinin Şahsünlü kəndinə köç etmişdilər. Kütləvi qırğın törətmək cəhdlərinin qarşısı alan yerli müqavimət dəstələri və türk əsgərləri onları geri qaytarıblar.
   Kürdəmir inzibati ərazisinə daxil olan Şahsünlü kəndində 1917-ci ildə 100 ev, 1921-ci ildə isə 101 ev olub. Sovetləşmənin ilk dövrlərində Göyçayın Qaraməryəm kəndinin tərkibinə daxil olan Təklə-Səfidən (Təklə-Sofi) Şahsünlü kəndinə köçüb gələnlər olub. Bu köçə səbəb bolşeviklərin Səfi-Təklə əhalisinin var dövlətini əlindən almaları və özlərini də qırmaları olub. Qədim Təklə qəbiristanlığı da dağıdılmışdır.
  1926-cı ildə Göyçay qəzası, Zərdab, Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı (İsmayıllı), Ucar olmaqla, 7 bölgəyə bölünmüşdür. Şahsünlü kəndi Mollakənd bölgəsinə daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunub. Şahsünlü kəndi 1935-ci ildə yeni yaradılan Zərdab rayonuna daxil edilib. Kənd Şıxbağı kənd sovetliyinin tərkibində yerləşirdi.   Kollektivləşmə zamanı kənddə yaradılan ilk kolxoz “Əkinçi” adlanıb.
  1961-ci ildə Şıxbağı kənd sovetliyinin tərkibində yerləşən yaşayış məntəqəsi Şahsünnü adlanırdı. 1977-ci ildə isə Şahhüseynli adlanan yaşayış məntəqəsi Seyidlər və Şəftəxal kəndləri ilə birlikdə Şahhüseynli kənd sovetliyinin tərkibində yerləşirdi. Şahhüseynli kəndi keçən əsrin sonlarına qədər üç kəndin inzibati mərkəzi olub. 14 iyul 1998-ci il tarixdə Şəftəhal və Aşağı Seyidlər kəndləri Şahhüseynli inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Şəftəhal mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.

 SSRİ-nin əməkdar idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqiçisi, Azərbaycan Respublikasının sabiq İdman naziri, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin sabiq prezidenti, yunan-roma güləşi üzrə üç qat dünya çempionu, altı dəfə Dünya Kubokunun sahibi, Avropa və SSRİ çempionu, üç dəfə SSRİ Kubokunun sahibi Məhyəddin Allahverdiyev əslən Şahhüseynli kəndindəndir.
  Professor, 80-dən artıq elmi məqalə, o cümlədən 4 monoqrafiya, 2 dərs vəsaiti və 1 metodik vəsaitin müəllifi, Sumqayıt Dövlət Universitetinin sabiq kafedra müdiri Həmid Alıyev  Şahhüseynli kəndində anadan olub.
  Kənd sakinləri Alıyev Şəmil Məhəmməd oğlu, Azayev Cabir Rza oğlu, Dəmirov Famil Ağacan oğlu, Seyidov Qabil Ziyad oğlu Qarabağ müharibəsində şəhid olublar.  

Bəxtiyar Əsədli


 Şahhüseynli (Şahsünlü) kəndi

İstifadə edilən mənbələr:
1. Çar imperiyasının arxiv sənədləri
2. Nailə Bayramova “Şamaxı xanlığı”
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
4. Osmanlı dövlətinin “Mühimme” dəftərləri
5. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
7. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)

Zərdab rayonu Şahhüseynli (Şahsünlü) kəndi Zərdab rayonu Şahhüseynli (Şahsünlü) kəndi Reviewed by Bəxtiyar on 6.7.20 Rating: 5

Bayat tayfası ailələrinin məskunlaşdığı Məlikumudlu kəndi

3.7.20
Zərdab rayonu, Məlikmudlu kəndi


 Məlikumudlu Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan düzündə, Zərdab şəhərindən 13 kilometr şimalda, Zərdab-Ucar şose yolunun bir neçə kilometrliyində yerləşir. Ərazisi 1917,77 hektar, əhalisi 1400 nəfərdən çoxdur. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, yemçilik, pambıqçılıq, baramaçılıq, meyvəçilikdir.
  Məlikumudlu kəndinin ərazisi qədim yaşayış məskənlərindən biri hesab olunur. Kənd ərazilərində torpaq işləri görülərkən bəzək əşyaları, qırmanc dəstəyi, əsa başı, Atabəylərə aid sikkələr tapılmışdır. Tədqiqatlar nəticəsində ərazidə IX-XIII əsrlərdə kənd tipli yaşayış məskəni olduğu müəyyənləşdirilmişdir. Taleh Əliyev Məlikumudlu ərazisindən tapılan sikkənin Məhəmməd Cahan Pəhləvanın dövrünə aid olduğunu qeyd edir.
 Xanlıqlar dövründə Məlikumudlu kəndinin ərazisi indiki Zərdab, Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının müəyyən əraziləri ilə birlikdə Xançoban mahalına daxil idi. Yaşayış məntəqəsində Məlik Umud nəslinin davamçıları məskən saldığı üçün Məlikumudlu adlandırılmışdır. Məlik Umud bəy türk boylarından biri olan Bayat tayfasının nəslindəndir, Bayat-Məlik Umud obasının başçısı olub. Şirvan xanlığının nüfuzlu şəxslərindən biri olan Məlik Umud bəy, sonralar Şirvanın Xançoban mahalının naibi təyin edilib. Şirvan xanları ilə qohumluq əlaqələri olan Məlik Umud bəyin oğlu İsrafil bəy, Şirvan xanlarının nəslindən olan, 1833-cü il təvəllüdlü Töhfə xanımla evlənmişdir.   

   Bayat-Məlik Umud obası

 Bayat-Məlik Umud türk boylarından biri olan Bayat tayfası ailələrinin yaşadığı bir obadır, bəzi mənbələrdə Boyat-Məlik Umud adlandırılmışdır. Rəvayətə görə Bayatların adı Oğuz xanın nəvəsi Bayat xanın adından yaranıb. Türküstanda yaşayan Bayat tayfasına mənsub ailələr XIII əsrdə monqollar ilə birgə öncə Kiçik Asiyaya gəlmiş və burada Səlcuqlar ilə qarışmışdı. Buradan müxtəlif ərazilərə köçən Bayat tayfa ailələrinin bir qismi XV əsrin sonu XVI əsrin əvvəllərində səfəvilər ilə birgə Şimali Azərbaycana gəlmişdilər. Azərbaycanda məşkunlaşan Bayatlar öz adlarını Şuşa, Şamaxı və Cavad qəzalarında Bayat, Quba qəzasında Sincan Bayat, Uzun Bayat, Göyçay qəzasında Bayat-Məlik Umud, Bayat-Nadir Hüseyn (bəzi mənbələrdə Bayat-Nəzir Hüseyn) obalarına vermişdilər. Bayat tayfasının Bayat-Məlik Umud obasında məskunlaşan ailələrin başçısı Məlik Umud bəy, sonralar Şirvanın Xançoban mahalının naibi təyin edilib. Oba XIX əsrin əvvəllərində Çalıqışlaq adlı qışlaq yerində məskunlaşmış və yaşayış məntəqəsinə də öz adlarını vermişdilər.
  Sənədlərdə Bakı quberniyasının Göyçay qəzasında, indiki Ucar və Zərdab rayonunun ərazilərində yaşayan Bayat-Məlik Umud obası haqqında məlumatlar var, obanın qəza mərkəzindən 20-22 verst məsafədə yerləşdiyi yazılıb. 1870-ci ildə Bayat-Məlik Umud obasının 49 təsərrüfatında 161 nəfər kişi, 130 nəfər qadın olmaqla,  cəmi 291 nəfər əhali, 1879-cu ildə isə yaşayış məntəqəsinin 58 təsərrüfatında 198 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 344 nəfər əhali yaşayıb.
  Çar Rusiyası tərəfindən yerlərdə kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Boyat-Məlik Umud oba birliyi, icması təşkil edilib. 1886-cı ildə Bərgüşad bölgəsinə daxil olan Boyat Məlik Umud icması qəza mərkəzindən 30 verst, pristav idarəsindən 16 verst məsafədə yerləşmişdir. İcmanın 76 təsərrüfatında 247 nəfər kişi, 186 nəfər qadın olmaqla, cəmi 433 nəfər əhali yaşayıb. 1890-cı ildə 2 obadan ibarət olan birliyin torpaq sahəsi 1250 desyatin idi. Oba birliyinin 72 təsərrüfatında 229 nəfər kişi, 181 nəfər qadın olmaqla, cəmi  410 nəfər əhali, 1911-ci ildə isə 51 təsərrüfatında 187 nəfər kişi, 146 nəfər qadın olmaqla, cəmi 333 nəfər əhali yaşayıb.
 Boyat Məlik Umud yaşayış məntəqəsi 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinin Lək kənd icmasının tərkibində yerləşib. Kənddə 1917-ci ildə 152 ev, 1924-cü ildə isə 120 ev olub. Sovet hakimiyyəti illərində Boyat-Məlik Umud oba birliyinə mənsub ailələr, Ucarın indiki Boyat və Zərdabın indiki Məlikumudlu kəndlərində daimi məskunlaşıblar. 

    Bayat-Nadir Hüseynbəy obası

  Sənədlərə görə müasir Zərdab ərazisində Bayat tayfasının Bayat-Məlik Umud obası ilə yanaşı, Bayat-Nadir Hüseynbəy obasının ailələri də məskunlaşmışdılar. Bəzi mənbələrdə Boyat-Nəzir Hüseynbəy kimi də yazılan obanın ailələri, Çallı kəndinin yaxınlığındakı ərazilərdə, Nəzirli nəslinə məxsus torpaqlarda yurd salmışdılar. 1870-ci ildə oba qəza mərkəzindən 40 verst məsafədə yerləşib, obanın 11 təsərrüfatında 31 nəfər kişi, 19 nəfər qadın olmaqla, cəmi 50 nəfər əhali yaşayıb.

    Məlikumudlu kəndi

  1926-cı ildə Göyçay qəzası 7 bölgəyə bölünmüş və Məlikumudlu kəndi qəzanın Ucar bölgəsinə daxil edilmişdir. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olunub və Məlikumudlu kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib. Sovet dövründə və müstəqilliyimizin ilk illərində Çallı inzibati ərazisinin tərkibində yerləşən kənd, 14 iyul 1998-ci il tarixdə Çallı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Məlikumudlu kənd inzibati ərazi dairəsi yaradılmışdır.
   Kənd sakinləri Səfərov İsmayıl Sarı oğlu, Məmmədov Vasif Əlihəsən oğlu, Zərbəliyev Zabit Kamil oğlu, Şıxəliyev Pərviz Nəsir oğlu Qarabağ müharibəsində şəhid olublar.
  Azərbaycanın şəhər və rayonlarında İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan, "Şöhrət" ordeni ilə təltif edilən Mübariz Ağayev, II Dünya müharibəsində “I Dərəcəli Vətən Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə, “Döyüş xidmətlərinə görə”, “İgidliyə görə”, "Berlinin alınmasına görə" medalları ilə təltif olunan Babaş Nağıyev Məlikumudlu kəndində anadan olublar.

Bəxtiyar Əsədli


Zərdab rayonu Məlikumudlu kəndi


Bayat tayfası ailələrinin məskunlaşdığı Məlikumudlu kəndi Bayat tayfası ailələrinin məskunlaşdığı Məlikumudlu kəndi Reviewed by Bəxtiyar on 3.7.20 Rating: 5
Blogger tarafından desteklenmektedir.